EN

Muraz Məmmədov: Son iki ildə attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib

Bakı, 1 may, AZƏRTAC

Son iki ildə 10 min müəllim attestasiyaya cəlb olunub və onların 70 faizdən çoxu uğurlu nəticə göstərib. Bu dövr ərzində incəsənət müəllimləri üçün yeni fəaliyyət öhdəlikləri də formalaşıb. Bunlara ehtiyaclara uyğun təlimlər, işə qəbulda yeni yanaşmalar, ali təhsil müəssisələri ilə sistemli əməkdaşlıq, nəticələrə əsaslanan diferensial əməkhaqqı və optimal dərs bölgüsü daxildir.

AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin elm, təhsil sektorunun müdiri Muraz Məmmədov mətbuat konfransında deyib.

O qeyd edib ki, attestasiya nəticələrinə əsasən, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin dərs saatlarının artması ilə paralel olaraq orta əməkhaqqı 25 faiz yüksəlib.

“Əvvəlki attestasiya modeli əsasən inzibati nəzarət funksiyasını daşıyırdı və daha çox formal meyarlar üzərindən qiymətləndirməyə üstünlük verirdi. Yeni sertifikatlaşma modeli isə müəllimlərin real peşəkar bacarıqlarını, pedaqoji ustalığını, yaradıcı yanaşmasını və şagird nəticələrinə təsirini ölçməyi hədəfləyir.

Ölkə başçısının imzaladığı müvafiq Fərmanda qeyd olunduğu kimi, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı müvafiq qaydalar hazırlanacaq və biliklərin qiymətləndirilməsi bu yeni mexanizm əsasında davam etdiriləcək. Attestasiyada iştirak etməmiş bəzi bölgələrin təhsilverənlərinin sertifikatlaşmada iştirakı ilə bağlı prosedurlar barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”,- deyə M.Məmmədov əlavə edib.

Müxbir - Fidan Əlizadə

Chosen
31
1
azertag.az

2Sources