EN

Japarov Taşıyevi tutdurur - Qırğızıstanda dövlət çevrilişinə cəhd olub...

Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) keçmiş rəhbəri və prezident Sadır Japarovun keçmiş sağ əli Kamçibek Taşiyevin adı ciddi bir cinayət işində çəkilir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu ilin fevral ayında istefaya göndərilən təhlükəsizlik generalı hakimiyyəti ələ keçirmək planı hazırlamaqda ittiham olunub.

Bildirilir ki, Kamçibek Taşiyevin DMTK rəhbəri vəzifəsindən istefasından əvvəl prezident Sadır Japarova və parlamentin sədri Nurlanbek Turqunbekuuluya erkən prezident seçkiləri tələbi ilə açıq müraciət edilib. Sənədi respublikanın tanınmış siyasətçiləri, hökumət rəsmiləri və ictimai xadimləri olan 75 nəfər imzalayıb.

Ertəsi gün Sadır Japarov dostunu işdən çıxaran fərman imzalayıb. Buna qədər Qırğızıstanda onları “iki qardaş” adlandırırdılar. Bu hadisə sübut edib ki, siyasətdə əbədi dostluq-qardaşlıq deyilən bir şey yoxdur və iki qoçun başı bir qazanda qaynamaz.

Həmin vaxt müraciətin müəllifləri kütləvi iğtişaşlar təşkil etməyə cəhddə ittiham olunublar. Daxili İşlər Nazirliyi müraciətə imza atan bəzi fəalları saxlayıb. Onların arasında ictimai xadim Bekbolot Talqarbekov, Qırğızıstanın Özbəkistandakı keçmiş səfiri və keçmiş kənd təsərrüfatı naziri Emilbek Uzakbayev, keçmiş deputat Kurmanbek Dıkanbayev, baş nazirin keçmiş müavini və keçmiş millət vəkili Aali Karaşev və daxili işlər nazirinin keçmiş müavini Kursan Asanov da olub. Onlar hazırda məhkəməyəqədər həbsdədirlər.

Prezident Sadır Japarov yerli mediaya verdiyi son müsahibədə bildirib ki, istintaq hazırda Kamçibek Taşiyevin qondarma "75-lərin məktubu"nda iştirakını müəyyən edir. Dövlət başçısı hadisələrdən əvvəldən xəbərdar olduğunu qeyd edib: "Bu məktubla bağlı hərəkətlər başlayanda məndə artıq məlumat var idi".

Bu işdə könüllü olaraq mandatlarından imtina edən keçmiş baş prokuror Kurmankul Zuluşev və keçmiş parlament spikeri Nurlanbek Turgunbekuulu da iştirak edir. Qırğızıstan mediasının məlumatına görə, onların üçü də DİN tərəfindən dindirilməyə çağırılıb.

Musavat.com

 

Chosen
14
musavat.com

1Sources