EN

ŞOYQUNUN “BƏXTSİZ” MÜAVİNLƏRİ... Müavini olmuş 4 cü generalı “güdaza verdi”, özü isə...

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Putinin dostu necə “sudan quru çıxıb”?

Rusiyanın sabiq müdafiə naziri və hazırkı Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiyanın ən yeni tarixində, belə demək mümkünsə, ən bəxti gətirən məmurlardan biri sayıla bilər.

Həqiqi hərbi xidməti belə keçməyən və hərbi təhsili olmayan Şoyqu Vladimir Putinlə dostluğu sayəsində Müdafiə naziri vəzifəsi, ordu generalı rütbəsi və “Rusiya qəhrəmanı” ulduzu kimi peşəkar hərbçinin arzu belə edə bilmədiyi mükafatlar alıb. Üstəlik böyük sərvət, var-dövlət sahibi olub...

Lakin bütün bu karyerası boyu onun yanında olan və ona sərvət qazanması da daxil olmaqla bütün işlərdə xidmət göstərən müavinlərinin bəxti Şoyqu qədər gətirməyib. Nazir və ordu generalı, ardınca Təhlükəsizlik Şurası katibi olan Şoyqu onları qoruya bilmədi və hazırda onun 4 general rütbəli müavini oxşar cinayət işləri üzrə həbsdədirlər...

Rusiya Baş Prokurorluğu Şoyqunun “qara kassası” sayılan keçmiş birinci müavini Ruslan Tsalikov və onun qohumlarının əmlakının müsadirə edilməsi üçün iddia qaldırıb. Prokurorluq ona aid Moskva vilayətində və Şimali Osetiyada torpaq və daşınmaz əmlakın, lüks avtomobillərin, qohumlarının adına və onun nəzarətində olan şirkətlərdəki vəsaitlərin verilməsini tələb edir. Aktivlərin ümumi dəyəri 7 milyard rubl təşkil edir.

Tsalikov özü hazırda cinayətkar təşkilat yaratmaqda və “Voentorg” vasitəsilə ordu təchizatından 6,6 milyard rubl mənimsəməkdə, ardınca isə çirkli pulların yuyulmasında ittiham olunaraq ev dustaqlığında saxlanılır. O, həmçinin Müdafiə Nazirliyinin podratçılarına “krışalıq etmək”müqabilində 50 milyon rubl nağd pul almaqda günahlandırılır.

Müstəntiqlərin sözlərinə görə, Tsalikov nəzarət etdiyi “Tectum” və “Dominus Zed” şirkətlərindən istifadə edərək Moskvanın mərkəzində təxminən 520 milyon rubla yeddi kommersiya mülkü alıb. Birinci şirkət onun qızları Yelizaveta və Yuliyaya, ikincisi isə oğulları Daniel və Zaur Tsalikovlara məxsusdur. İstintaq Komitəsi bu şirkətlərin korrupsiya yolu ilə əldə edilmiş pulların yuyulması üçün istifadə edildiyini bildirir.

İstintaq materialları Baş Prokurorluğun 30 apreldə Moskvanın Nikulinski Rayon Məhkəməsində qaldırdığı iddianın əsasını təşkil edib. Ümumilikdə doqquz fiziki şəxs və üç hüquqi şəxs təqsirləndirilən şəxs kimi göstərilir. 69 yaşlı Tsalikovun özü günahını inkar edir və ümumiyyətlə, 7 milyard rubl dəyərində aktivlərə sahib olmadığını bildirir.

Tsalikov, Şoyqunun ən yaxın adamlarından biri olub və 2015-ci ildən 2024-cü ilə qədər onun birinci müavini vəzifəsində çalışıb. O, digər məsələlərlə yanaşı, rəhbərinin piarına görə də məsuliyyət daşıyırdı.

2024-cü ildən bəri Şoyqunun cinayət məsuliyyətinə cəlb edilən dörd müavinindən ən sonuncusu Tsalikov olub. Ondan əvvəl məhkəmə digər müavinlər - ordu generalı Dmitri Bulqakovu 1,3 milyard rubl dəyərində yeyintiyə görə, Müdafiə Nazirliyinin tikinti layihələrinə nəzarət edən Timur İvanovu korrupsiyaya görə həbs edib. İvanov artıq 4 milyard rubldan çox oğurluq və mənimsəmə ittihamı ilə 13 il həbs cəzasına məhkum edilib. İvanovla bağlı həmçinin 1,4 milyard rubl məbləğində rüşvətxorluğa dair təhqiqat aparılır.

Aprel ayında Şoyqunun digər keçmiş müavini Pavel Popov 19 il müddətinə azadlıqdan məhrum edilib. Ordu generalı olan Popov rüşvətxorluq, fırıldaqçılıq, saxtakarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz silah saxlamaqda günahkar bilinib.

Şoyqu bu dörd müavindən xüsusilə də Tsalikovu “xilas etməyə” çalışıb. Müdafiə Nazirliyindən işdən çıxarıldıqdan sonra Şoyqu onu öz doğma bölgəsi olan Tıvadan senator təyin etdirməyə çalışıb, lakin alınmayıb. Buna baxmayaraq, 2026-cı ilin mart ayında həbs olunduğu zaman o, Tıva Ali Xuralının hakim “Vahid Rusiya” patiyasından olan deputatı idi. Lakin bu statusu da Tsalikovu xilas etməyib.

Beləliklə, Şoyqunun müavinləri və digər yaxın məmurları üst-üstə az qala 100 ilə yaxın həbsə məhkum olunsa da, onun özünə toxunulmadı. Həmin müavinlərin təkcə rəsmi sübutlarla 10 milyardlarla vəsait oğurladıqları üzə çıxarılsa da, Şoyqu “sudan quru çıxdı”.

Bu “hekayə” Putin idarəçiliyinin və onun yaxın çevrəsinin Rusiyaya gətirdiyi “rifahın” və “haqq-ədalətin” daha bir nümunəsidir. Bu “hekayə” həm də onu göstərir ki, bu sistem onun özünün bilə-bilə çirkaba, rüşvətə, korrupsiyaya bulaşdırdığı və istifadə etdiyi heç kimə toxunulmazlıq, zəmanət vermir...

C.Məmmədli

“AzPolitika.info”    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
azpolitika.info

1Sources