EN

Doktorun yaxın qohumu yazdı: “Asif Nəsirov ölməyib” - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal

Milli Onkologiya Mərkəzində baş verən qanlı insidentlə bağlı sosial şəbəkələrdə və bəzi informasiya resurslarında yayılan ziddiyyətli məlumatlar geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə zamanı ağır yaralanan həkim-onkoloq Asif Nəsirovun öldüyü barədə yayılan xəbərlərə onun yaxın qohumu, jurnalist Pərviz Yəhyalı münasibət bildirib.

Pərviz Yəhyalı sosial media hesabında paylaşdığı açıqlamada yayılan bəzi məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb. O bildirib ki, Milli Onkologiya Mərkəzində qumbara partladan şəxs nə müharibə iştirakçısı, nə də qazi olub.

Açıqlamada qeyd olunur ki, terror aktını törədən şəxs Asif Nəsirovun xəstəsi də olmayıb. Pərviz Yəhyalının sözlərinə görə, həkim-onkoloq Asif Nəsirov həmin şəxsi zərərsizləşdirməyə və ətrafdakı insanların həyatını qorumağa çalışarkən ağır yaralanıb. 

5ab05097-bf85-4095-ad79-68073236932b.jpg

“Hazırda vəziyyəti ağır olsa da, sağdır, yaşayır. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər”, – deyə paylaşımda bildirilir.

Pərviz Yəhyalı həmçinin sosial mediada həkimin ölümü ilə bağlı xəbərlərin yayılmasını sərt tənqid edib və məsuliyyətsiz informasiyaların cəmiyyətə zərər vurduğunu vurğulayıb:

“Axı niyə insanın yalan ölüm xəbərləri tirajlansın?” – deyə o qeyd edib.

Asif Nəsirovun yaxın qohumu onu “mənəviyyatca zəngin, humanist və peşəkar həkim” kimi xarakterizə edib, hadisədən sonra dualarını və dəstəyini əsirgəməyən insanlara təşəkkürünü çatdırıb.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan şəxs həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

 

Musavat.com

Chosen
21
1
musavat.com

2Sources