EN

İran Fars körfəzi ilə bağlı yeni qaydaların tətbiqini elan edib

SEPAH rəhbərliyi idarəetmənin Xamenei tərəfindən müəyyənləşdiriləcəyini açıqlayıb...

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı Fars körfəzi regionunda “yeni idarəetmə qaydalarının” tətbiq olunacağını bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə Tasnim Agentliyi SEPAH-ın rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Açıqlamada bildirilib ki, sözügedən qaydalar İranın ali rəhbərliyinin nəzarəti altında hazırlanacaq və həyata keçiriləcək. Xüsusilə vurğulanıb ki, bu prosesə rəhbərlik edəcək şəxs kimi Müctəba Xameneiın adı çəkilib və onun region üzrə strateji qərarların formalaşmasında əsas rol oynayacağı qeyd olunub.

SEPAH komandanlığının məlumatına görə, qurumun Hərbi Dəniz Qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı boyunca uzanan təxminən 2 min kilometr sahil xəttinə tam nəzarəti təmin etməyi planlaşdırır. Bildirilir ki, bu geniş akvatoriya İran üçün iqtisadi baxımdan mühüm resurs mənbəyinə çevriləcək.

Eyni zamanda, İran tərəfi iddia edir ki, həyata keçiriləcək yeni idarəetmə mexanizmi yalnız ölkənin iqtisadi maraqlarına xidmət etməyəcək, həm də regionda təhlükəsizlik və rifahın təmin olunmasına töhfə verəcək. Rəsmi Tehran bu addımı Fars körfəzində sabitliyin möhkəmləndirilməsi və xarici təsirlərin məhdudlaşdırılması istiqamətində mühüm addım kimi təqdim edir.

Bununla belə, beynəlxalq müşahidəçilər qeyd edirlər ki, İranın bu cür bəyanatları regionda gərginliyi artıra və xüsusilə enerji marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirə bilər. Fars körfəzi və Hörmüz boğazı qlobal enerji daşımalarının əsas arteriyalarından biri hesab olunur və burada baş verən hər hansı dəyişiklik beynəlxalq bazarlara ciddi təsir göstərə bilər.

Poliqon.info

Chosen
44
poliqon.info

1Sources