EN

Azərbaycanda qorxulu tendensiya - Sürətlə yayılır

Ailə institutunun sarsılması təkcə fərdi faciə deyil, həm də cəmiyyətin gələcək genofonduna vurulan ciddi zərbədir. Statistik rəqəmlər göstərir ki, müasir dövrdə ailə qurmaq nə qədər çətinləşibsə, onu qoruyub saxlamaq bir o qədər müşkülə çevrilib. Bir zamanlar “bir yastıqda qocalaq” duası ilə qurulan yuvalar, indi statistik hesabatların soyuq rəqəmləri arasında “boşanma” mərhələsinə sürətlə köç edir.

“Yeni Sabah” xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev ailə böhranı tendensiyasının genişləndiyini söyləyib.

O bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirdiyi konfransda səsləndirilən fikirlər mövcud vəziyyətin ciddiliyini bir daha ortaya qoyur:

“Dövlət Komitəsinin sədri Bahar Muradovanın “Güclü ailə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil” və elm və təhsil naziri Emin Əmrullayevin “Tərbiyə məsələləri mürəkkəbdir və tərbiyəliliyi ölçmək hər zaman asan olmur” fikirləri də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır”.

Ekspert qeyd edib ki, dayanıqlı inkişaf anlayışı gələcək nəsillərin ehtiyaclarını riskə atmadan bugünkü tələbatların ödənilməsini nəzərdə tutur və bu model iqtisadi, sosial və ekoloji balansı qorumağı hədəfləyir. Lakin onun sözlərinə görə, Dövlət Komitəsinin fəaliyyətinə baxmayaraq, ailə, qadın və uşaq siyasətində dayanıqlılıq hələ də təmin olunmayıb, əksinə, geriləmə müşahidə olunur.

Etibar Əliyev vurğulayıb ki, bunu rəsmi statistika da açıq şəkildə təsdiqləyir. Belə ki, 2011-2025-ci illər ərzində Azərbaycanda nikahların sayı təxminən iki dəfə azalıb. 2011-ci ildə 88 145 nikah qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 48 546-ya düşüb ki, bu da təxminən 45 faizlik azalma deməkdir.

Onun sözlərinə görə, boşanmaların sayında isə əksinə, artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında 5250 nikah və 3376 boşanma qeydə alınıb.

E.Əliyev deyib ki, Azərbaycanda nikah və boşanma arasındakı nisbət ciddi şəkildə dəyişib: “2011-ci ildə 88 min nikaha qarşı təxminən 10 min boşanma qeydə alınıb. Bu, təxminən hər 8 nikaha 1 boşanma demək idi.

2025-ci ildə isə vəziyyət fərqlidir 48 546 nikaha qarşı 20 675 boşanma qeydə alınıb. Bu isə təxminən hər 2 nikaha 1 boşanma düşdüyünü göstərir”.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
6
22
yenisabah.az

10Sources