EN

AÇG layihəsinin rüblük hesabatı

3 ayda yataqdan 4 milyon ton neft çıxarılıb

Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı baza olan “Əsrin müqaviləsi” çərçivəsində tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilir. “BP-Azərbaycan” şirkətinin 2026-cı ilin yanvar-mart aylarının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən rüb ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin əməliyyat tədbirlərinə 134 milyon dollar, əsaslı məsrəflərinə isə 363 milyon dollar xərclənib.

Hesabat dövründə AÇG yatağında aparılan 4-ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində ötən il ərzində əldə olunmuş məlumatların emalı davam etdirilib. Rüb ərzində, həmçinin “Günəşli” yatağının dərinsulu hissəsindəki mövcud quyularda sualtı müdaxilə proqramı çərçivəsində dəniz əməliyyatları həyata keçirilib. Həmin əməliyyatların bir hissəsi olaraq ilk quyuda sualtı müdaxilə işi uğurla tamamlanıb. Əldə olunmuş lazımi məlumatlar toplandıqdan sonra quyuda suvurma fəaliyyəti yenidən bərpa olunub.

Cari ilin ilk rübündə bp şirkəti və tərəfdaşları AÇG-dən neft və səmt qazının hasilatını da sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdiriblər. Hesabat dövründə AÇG-də, ümumilikdə, 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 325 min barel və ya ümumilikdə, təxminən, 29 milyon barel, yəni 4 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 19 min 500 bareli “Çıraq”, 89 min 800 bareli “Mərkəzi Azəri”, 74 min 800 bareli “Qərbi Azəri”, 43 min 900 bareli “Şərqi Azəri”, 47 min 700 bareli “Dərinsulu Günəşli”, 22 min 600 bareli “Qərbi Çıraq”, 26 min 700 bareli isə “ACE” platformalarının payına düşüb.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, rüb ərzində müqavilə sahəsində 2 neft hasilatı, 3 su və 1 qaz injektoru quyusu tamamlanaraq istismara daxil edilib. AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə sərbəst təbii qazla bağlı yeni əlavənin imzalanmasından sonra planlaşdırılmış ilkin hasilat quyusu mövcud “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Qiymətləndirmə baxımından son dərəcə əhəmiyyətli olan həmin quyudan əldə edilən məlumatlar AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

bp-nin hesabatında qeyd olunur ki, 2025-ci ildə quyuda qazma işləri uğurla tamamlanıb və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst təbii qaz layına–daha dayaz qırmakıüstü qumlu və daha dərin qırmakıaltı lay dəstlərinə çıxış təmin edilib. Quyu ilk sərbəst təbii qaz hasilatı üçün əsas hədəf lay sayılan qırmakıüstü qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Bu laydan ilk hasilata cari ilin ikinci yarısında başlanması gözlənilir.

Bundan əlavə, qırmakıaltı quyu lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib. Həmin laydan isə ilk sərbəst təbii qaz hasilatı 2026-cı ilin birinci yarısına planlaşdırılır. Bu, ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. Bundan sonra quyu yenidən tamamlanacaq və ilin ikinci yarısından başlayaraq hasilat daha dayazda yerləşən və ilk qaz üçün əsas hədəf sayılan qırmakıüstü qumlu layından həyata keçiriləcək.

Yanvar–mart aylarında AÇG yataqlar blokundan neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Xatırladaq ki, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetrdir. Bundan əlavə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azərbaycanın qazpaylama sisteminə təhvil verilir.

“Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Bu ilin ilk rübündə “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə, 1 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Cari ilin birinci rübündə terminaldan 55 milyon bareldən çox neft və kondensat ixrac olunub. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunub. “Şahdəniz” qazı, eləcə də AÇG-nin səmt qazı terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, həmçinin terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir. Bu ilin ilk 3 ayında terminaldan, təxminən, 47 milyon barel neft və kondensat ixrac edilib.

Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2026-cı ilin yanvar-mart aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin birinci rübün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 30 milyon dollar, əsaslı məsrəflərinə isə 28 milyon dollar xərclənib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 6 milyon ton xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2026-cı ilin birinci rübünün sonunadək 626 milyon ton (4,7 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Qeyd edək ki, hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

Mirbağır YAQUBZADƏ
XQ

Chosen
21
1
xalqqazeti.az

2Sources