EN

Tramp Almaniyadan 5 min hərbçini çıxarır ABŞ ordusu Avropadan geri çəkilir

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ prezidenti Donald Trump Almaniyada yerləşən 5 min amerikalı hərbçinin geri çəkilməsi barədə göstəriş verib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agnetliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, bu addım Vaşinqtonla Avropa arasında İranla müharibə məsələsində fikir ayrılıqlarının kəskinləşməsi fonunda atılır.

Bundan əvvəl Almaniya kansleri Friedrich Merz bəyan etmişdi ki, İran danışıqlar zamanı ABŞ-ni “alçaldır” və Vaşinqtonun münaqişədən çıxış strategiyasını anlamır.

Bu açıqlamadan sonra Tramp Almaniyadakı ABŞ hərbi kontingentinin azaldıla biləcəyini bildirmişdi.

ABŞ Müdafiə Nazirliyi açıqlayıb ki, qoşunların çıxarılması 6 aydan 1 ilə qədər müddətdə həyata keçiriləcək. Nəticədə Avropadakı amerikalı hərbçilərin sayı Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəlki səviyyəyə qaytarılacaq.

Hazırda Almaniyada təxminən 36 min ABŞ hərbçisi yerləşir və bu, Avropadakı ən böyük Amerika hərbi kontingenti hesab olunur.

“Reuters”in məlumatına görə, Trampın bu qərarı Almaniya hərbi dairələrində təəccüb doğurub. Agentliyin danışdığı mənbələr qeyd edib ki, həmin gün “Pentaqon”da keçirilən görüşlər konstruktiv keçib. Onların sözlərinə görə, Almaniya ABŞ-nin İrana qarşı fəaliyyətinə digər müttəfiqlərlə müqayisədə daha çox dəstək verib, o cümlədən hərbi bazaların istifadəsinə icazə verib.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ABŞ hərbçilərinin Avropada mövcudluğu həm Almaniyanın, həm də ABŞ-nin maraqlarına uyğundur. Bununla yanaşı, o əlavə edib ki, ABŞ-ın Avropadan qoşun çıxarmasının gözlənilən addım olduğunu düşünürdü və Avropa müttəfiqlərini təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməyə çağırıb.

Məlumata görə, daha əvvəl “Reuters” Pentaqon daxilində hazırlanmış sənədə istinadla yazıb ki, Vaşinqton İrana qarşı müharibədə kifayət qədər dəstək verməyən NATO müttəfiqlərinə qarşı cəza variantlarını nəzərdən keçirir. Bu variantlar arasında İspaniyanın NATO-dan çıxarılması və Böyük Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı ABŞ mövqeyinin yenidən nəzərdən keçirilməsi də var.

Aprelin 30-da Tramp həmçinin İtaliya və İspaniyadan da ABŞ qoşunlarının bir hissəsinin çıxarılmasını istisna etməyib. Buna səbəb kimi həmin ölkələrin İranla bağlı siyasətə dəstək verməməsi göstərilir.

Xatırladaq ki, mart ayında Tramp İspaniyanın ABŞ hərbi bazalarının İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verməkdən imtina etməsindən sonra bu ölkəyə qarşı genişmiqyaslı ticarət embarqosu tətbiq edilə biləcəyi ilə hədələmişdi.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
azpolitika.info

1Sources