EN

İmtahandan zəif bal toplamaq həyatın sonu anlamına gəlməməlidir SOSİOLOQ

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Valideynlərin imtahandan əvvəl uşaqlara repetitor üçün xərclədikləri pulu tez-tez xatırlatmaları onlar üzərində psixoloji basqı yaradır"

"Təhsil ocaqlarında maarifləndirmə işləri aparılmır. Əvvəllər biz qeyri-hökümət təşkilatı olaraq məktəblərə gedib maarifləndirmə işləri aparırdıq. İndi isə məktəblərə daxil olmaq üçün kiminsə dəvətini gözləyirik"

Günü-gündən çətinləşən imtahanların ağırlığı ucbatından kəsilən və ya az bal yığan uşaqların intihara təşəbbüs etdiyinə şahid oluruq. Uşaqlarla bağlı problemlərə nəzər saldıqla bütün oxlar təhsil ocağını göstərir. Bir tərəfdən yeniyetmələr arasında zorakılıq halları artıb, digər tərəfdən isə təhsilin keyfiyyəti gözlə görünəcək dərəcədə aşağı düşüb.

Yaxın qohumlarımdan birinin övladı ilə bağlı maraqlı və düşündürücü bir hadisədən bəhs etmək istərdim. Uşaqdan məktəbə niyə getmək istəmədiyi soruşulduqda, dərs keçmədikləri üçün vaxtını boşuna sərf etmək istəmədiyini bildirmişdi. Artıq şagirdin məktəbdən uzaqlaşması təbii prosesə çevrilib. Lakin biz hələ də nəticə ilə mübarizə aparır, səbəbi görməzdən gəlirik. Məktəbdə təhsilin olmadığını anlayan valideynlər də övladlarını oxutdurmaq üçün reptitorlara pul tökürlər. Kurslar, repetitorlar, əlavə materiallar isə ailə büdcəsini ağırlaşdırır. Ona görə də valideynlərin bir çoxu “Sənin üçün bu qədər pul xərcləyirik” ifadəsi ilə uşaqlara psixoloji təyziq göstərirlər. Nəticədə təhsil onun üçün inkişaf sahəsi olmaqdan çıxır, borc və məsuliyyət yükünə çevrilir.

Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova Sherg.az-a bildirib ki, uşaqlar imtahana hazırlaşarkən onların üzərində valideynlər və məktəb tərəfindən müəyyən təzyiqlər olur:

“Dünyaya meydan oxuyan Napoleon Bonapart belə müharibələrdən yox, imtahanlardan qorxduğunu bildirmişdi. Yəni deməyim odur ki, imtahan kimliyindən asılı olmuyaraq hər kəsə ağır gəlir. Valideynlərin imtahandan əvvəl uşaqlara repetitor üçün xərclədikləri pulu tez-tez xatırlatmaları onlar üzərində psixoloji basqı yaradır. İmtahandan yaxşı nəticə toplamayan uşaqlar valideynlərin qəzəb və hiddət dolu ifadələrinin altında əzilirlər”. 

Sosioloqun sözlərinə görə, uşaqlar özlərini günahkar hiss edərək, imtahandan kəsilməyi həyatın sonu kimi qəbul etməyə başlayırlar: 

“Ona görə də tək çarəni intiharda görürlər. Valideynlərə tövsiyyəm odur ki, imtahan verən uşaqlara qarşı həssas və təmkinli yanaşsınlar. Valideyn vəzifəsi olaraq yerinə yetirdiyiniz öhdəlikləri övladlarınızın başına vurmayın. İmtahandan kəsilmək və ya zəif bal toplamaq həyatın sonu anlamına gəlməməlidir, qarşıda növbət illər də var. Uşaqlara bütün həyatlarının imtahandan asılı olduğunu göstərmək, onlarda lazımsız təzyiq və stress yaradır”. 

N.İsmayılova qeyd edib ki, məktəblərdəki psixoloqlar vitrində suvenir kimi dayanmaqdansa, imtahan dövründə uşaqlara psixoloji dəstək verməlidirlər:

“İmtahan verən uşaq yalnız elmi cəhətdən deyil, psixoloji baxımdan da tam hazır olmalıdır. Şagirdlərin psixoloji hazırlığı hədsiz dərəcədə aşağı səviyyədədir. Təhsil ocaqlarında maarifləndirmə işləri aparılmır. Əvvəllər biz qeyri-hökümət təşkilatı olaraq məktəblərə gedib maarifləndirmə işləri aparırdıq. İndi isə məktəblərə daxil olmaq üçün kiminsə dəvətini gözləyirik. Gedəndə isə robot kimi hündür kürsüdə dayanırıq. Qarşıda əyləşən uşaqların bir çoxu isə ya telefonla oynayır ya da, bir-biri ilə söhbət edir. Əslində bu düzgün deyil. Biz onlarla dəyirmi masa qarşısında bərabər səviyyədə əyləşib, qarşılıqlı söhbət və fikir mübadiləsi etməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
sherg.az

1Sources