Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Turizm Bürosu İçərişəhərdə keçirilən Bakı Beynəlxalq Xalça Festivalı çərçivəsində ölkəmizin qastronomiya irsini, regional məhsul müxtəlifliyini və turizm potensialını ziyarətçilərə təqdim edir.
AZƏRTAC xəbər verir ki, festivalda yerli fermerlər və istehsalçılar Azərbaycanın müxtəlif bölgələrinə məxsus, ölkənin zəngin biomüxtəlifliyini və regional qastronomiya ənənələrini əks etdirən məhsulları nümayiş etdirirlər. Məhsullar arasında mürəbbə, bal, çay, halva, şirniyyatlar, süd məhsulları və digər yerli nümunələr yer alır. Bu təşəbbüs həm yerli istehsalçıların tanıdılmasına, həm də Azərbaycanın qastronomiya turizmi imkanlarının daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Bununla yanaşı, festival ərazisində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunun turist məlumat mərkəzinə yaxınlaşan yerli və xarici ziyarətçilərə Azərbaycanın turizm imkanları, regionların turizm potensialı və səyahət marşrutları haqqında məlumat verilir, kitabçalar, broşürlər, xəritələr və digər promomateriallar təqdim olunur.
Qonaqlar VR eynəklər vasitəsilə Azərbaycanın müxtəlif turizm istiqamətlərini virtual şəkildə kəşf edir, rəqəmsal monitorlarda ölkənin təbiət, mədəniyyət, qastronomiya və şəhər turizmi imkanlarını əks etdirən vizual materiallarla tanış olurlar.