EN

Kitab təqdimatı keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimat mərasimi keçirilib.

Bu haqda “Xalq” qəzetinə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdən əvvəl Akademiyanın Naxçıvan Bölməsindəki sərgiyə baxış keçirilib.  Sonra tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev nəşrin elmi əhəmiyyətindən bəhs edib, I Türkoloji Qurultayın Azərbaycan elmi və mədəni mühitindəki yerini diqqətə çatdırıb. O, həmçinin AMEA Naxçıvan Bölməsinin yaranma tarixindən danışaraq, bu cür fundamental tədqiqatların əhəmiyyətini vurğulayıb, kitabı yüksək dəyərləndirib və müəllifi təbrik edib. 

Akademik Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamının elmi ictimaiyyət üçün xüsusi önəm daşıdığını qeyd edib.

Daha sonra çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev I Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni inteqrasiyasında mühüm mərhələ olduğunu vurğulayıb. O, eyni zamanda təqdim olunan əsərin bu tarixi hadisənin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu bildirib və müəllifi bu uğurlu elmi iş münasibətilə təbrik edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında kitabın məzmununu geniş şəkildə təhlil edərək onun elmi yeniliyini və aktuallığını vurğulayıb, nəşrin struktur və məzmun baxımından sanballı tədqiqat əsəri olduğunu qeyd edib və müəllifi təbrik edib.

Kitabın müəllifi, professor Nadir Məmmədli tədbirin təşkilinə görə minnətdarlığını bildirib, kitabın ərsəyə gəlməsi prosesində aparılan işlər barədə məlumat verib.

Tədbirin sonunda Nadir Məmmədli müəllifi olduğu kitabı akademik İsmayıl Hacıyevə təqdim edib. Akademik İsmayıl Hacıyev isə öz növbəsində müəllifə üçcildlik “Naxçıvan tarixi” nəşrini hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib. 

Səbuhi HƏSƏNOV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
xalqqazeti.az

2Sources