EN

“Asif Nəsirli qumbara atan şəxsi 6 dəfə kimya edib, sağaldıb, cibinə pul qoyub və...” (Video)

Milli Onkologiya Mərkəzindəki faciə barədə SİRLƏR ÜZƏ ÇIXDI – aparıcı Ulvira Qarayevadan ŞOK BİLGİLƏR: “Asif həkimin xanımı da...”

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb. Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli, eləcə də onu öldürməyə cəhd edən şəxs barədə qaranlıq məqamları paylaşıb. U.Qarayeva bildirib ki, Asif Nəsirli, Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub: “Hazırda bu həkim Onkologiya Mərkəzində ölümlə pəncələşir. Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya alandan sonra sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Düz bağırsaq xərçəngindən əziyyət çəkib həmin adam, Asif həkim onu tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir. Bilir ki, kimsə artıq bu adama kömək eləmir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir, amma özü ölür. Xilaskarı isə indi həyat mücadiləsi verir”.


U.Qarayeva həmçinin hazırda A.Nəsirlinin sağlıq durumu, onun keçdiyi peşə yolu barədə də danışıb: "Demək, altı il Tibb Universiteti, ondan sonra yenə də oxumaq, 18 il təcrübə, nə qədər müəllimlərə, tələbələrə bilik ötürən müəllimləri, nə qədər illər, saatlar kitab arxasında təcrübə... Nə qədər xəstələr, balasını qucağına alıb gətirən xəstələr ki, məni balamı xilas elə. Nə qədər sağalan xəstələr. Nə qədər ümidli olanlar... Təsəvvür eləyin, indi Azərbaycanda nə qədər xərçəng xəstəsi olan uşaqların valideynlərinin ümidi kəsildi. Kimin yanına aparacaqlar? Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkologiya, onkologlar çox gec yetişir, çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Qaldı ki, radiologiya. Uşaq radiologiyası isə ümumən zülmdür. Bir çox həkimlər deyir ki, ümumiyyətlə, radioloq olmaq istəmirəm, uşaq radiologiyasını isə heç istəmirəm. Hətta bir həkim deyir, bir ay uşaq radiologiyası şöbəsinə keçdim. Gördüm ki, bir az da qalsam, ya dəli olacam, ya da öləcəm. Balaca-balaca uşaqlar, saçlar tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bir həkimin paylaşımında oxudum: deyir ki, soruşdum, Asif, necə bacarırsan balaca uşaqlara radiasiya verməyi? Dedi ki, sənin saçın ağarıb? Yox! Amma mənim saçım artıq bu yaşda ağarıb. Bax, belə həkimdir Asif həkim. Dərd çəkə-çəkə müalicə eləyirdi uşaqları. İndi ölümlə üz-üzədir”.

U.Qarayeva bildirib ki, hadisə baş verəndən cəmi 3 dəqiqə sonra onu əməliyyata salıblar. Həmin an bütün xəstəxana səfərbər olunub: “Həmin o gecə dəqiq heç bir həkim evə getməyib. Hamı oradaydı, bütün personal oradaydı. Göz qırpımında 10 litr qan yığıldı. Təsəvvür edirsiniz, hər xəstəxanada 2-3 litrdən artıq, hər qrupa aid 2-3 litrdən artıq qan olmur. 10 litr qan yığılıb. Tez 5 litrini köçürüblər, bədəndə qan qalmayıb. O da bədənə nə qədər stress, nə qədər yükdür. Nəticədə bəlli olub ki, qəlpələrdən biri gedib beyin sapında ilişib qalıb. Orada cərrah müdaxiləsi, çətindir, demək olar ki, mümkün deyil. Hərbi doktorlar da gəliblər və deyirlər ki, müdaxilə eləmək olmaz, beyin çox həssasdır. Və indi doktorun vəziyyəti çox ağırdır. Heç kim gözünü yummuyub, heç kim evinə getməyib. Nə qədər mümkündürsə, hadisə olandan 3 dəqiqə sonra doktor artıq əməliyyat masasındaydı. İndi doktorlar deyir ki, “əlimizdən gələnin artığını etsək də, onu həyata qaytara bilmirik. Ən dəhşətlisi odur ki, onun xanımı da orada işləyir. Üzünə baxa bilmirik, qaçırıq, üz-üzə gəlməkdən qorxuruq”.

Onlar, ər-arvad gecə-gündüz ordakı xəstələr üçün əllərindən gələni edirdilər. Xanımı da, özü də gecə ilə gəlirdilər xəstəxanaya, əllərində dərmanlarla, radiasiya içində saatlarla... İnsanları xilas etmək üçün... Bir həkimin qaranlıqdan çıxardlğı bir keçmiş xəstə, özü qaranlıqdan gəlib onu öldürməyə cəhd etdi. İndi bütün həkimlər şokdadılar. Belə hadisə necə ola bilər? Biz nə edək xəstəxanalarda? Dəmir detektoru qoyaq biz, lentlər qoyaq ki, onun üstündən çantanı qoyub keçsinlər. Necə eləyək biz bunu? Həkimlərimizi necə qoruyaq, müəllimlərimizi necə qoruyaq biz? Bu vəhşiliyi haradan aşdıq biz?”

Aparıcı eyni zamanda sosial şəbəkədə yanlış məlumatların, dezinformasiyaların yayılmasına da etiraz edib.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan Mübariz Əliyev adlı şəxs həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Chosen
50
13
musavat.com

10Sources