EN

Al Tani: Hörmüz boğazından sövdələşmə vasitəsi kimi istifadə böhranı daha da dərinləşdirəcək

Hörmüz boğazından sövdələşmə vasitəsi kimi istifadə böhranı daha da dərinləşdirəcək.

"Report" xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Cassim Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

Telefon danışığına dair məlumat Qətər Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşılıb.

Bildirilib ki, A. Əraqçi qətərli həmkarını ABŞ ilə İsrailin İrana hücumlarından sonra aparılan danışıqlar prosesi ilə bağlı son yeniliklər barədə məlumatlandırıb.

Söhbət zamanı böhranın dinc yolla həllinə yönəlmiş vasitəçilik səylərinə Qətərin tam dəstəyi ifadə olunub.

"Hörmüz boğazının bağlanması, yaxud ondan sövdələşmə vasitəsi kimi istifadə edilməsi böhranı daha da dərinləşdirəcək və region ölkələrinin həyati maraqlarını təhlükəyə atacaq",- Qətərin XİN rəhbəri qarşı tərəfin diqqətinə çatdırıb.

Al Tani bunun qlobal enerji və ərzaq təchizatına, eləcə də bazarın sabitliyinə potensial mənfi təsirlərinin ola biləcəyini qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Chosen
5
1
far.az

2Sources