EN

Bu gün Ümumdünya Günəş Günüdür

Bakı, 3 may, AZƏRTAC

Bu gün Ümumdünya Günəş Günüdür.

AZƏRTAC xəbər verir ki, 1994-cü ildən başlayaraq müxtəlif ölkələrdə hər il mayın 3-ü Ümumdünya Günəş Günü kimi qeyd olunur.

Günəş Yerə ən yaxın ulduzdur, digər bütün ulduzlar isə bizdən ölçüyəgəlməz dərəcədə uzaqda yerləşir. Məsələn, planetimizə ən yaxın ulduz olan Proksima (Alfa Sentavr sistemindən) Günəşdən 4,22 işıq ili məsafəsində yerləşir.

Yer üçün Günəş güclü kosmik enerji mənbəyidir. O, bitki və heyvan aləmi, insanların sağlamlığı və həyatı üçün zəruri olan işıq və istilik verir, həmçinin Yer atmosferinin ən mühüm xüsusiyyətlərini formalaşdırır. Bundan əlavə, qədim dövrlərdən etibarən dünyanın bir çox mədəniyyətlərində Günəşə sitayiş olunmuş, o, ilahi varlıq kimi qəbul edilmişdir.

Ümumilikdə Günəş planetin ekologiyasını müəyyən edir. Onsuz həyat üçün zəruri olan hava da olmazdı — hava donmuş sular və buz bağlamış quru sahələr üzərində maye azot okeanına çevrilərdi. Biz Yer sakinləri üçün Günəşin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, planetimiz onun ətrafında yaranıb və məhz burada həyat meydana gəlib.

Günəş, külək, dəniz dalğaları və biokütlə daim bizi əhatə edən və asanlıqla istifadə oluna bilən enerji mənbələridir. Onları torpaqdan çıxarmağa ehtiyac yoxdur. Onlar radioaktiv tullantılar yaratmır və ümumiyyətlə, zəhərli maddələr istehsal etmir. Bu isə bərpaolunan enerjidir.

Bərpaolunan enerji mənbələrinin istifadəsi imkanlarına diqqəti cəlb etmək və Günəşin Yer üzündə həyat üçün nə qədər vacib olduğunu xatırlatmaq məqsədilə Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsi (ISES-Europe) hər il mayın 3-də Günəş Gününün keçirilməsini könüllü əsaslarla təşkil edir.

Dünyanın müxtəlif ölkələrində həvəskarlar və peşəkarlar, ictimai təşkilatlar və şirkətlər Günəş enerjisinin imkanlarını nümayiş etdirən tədbirlər və aksiyalar təşkil edirlər.

Müxbir - Göyçək Mahmudlu

Chosen
48
azertag.az

1Sources