EN

Yersiz müzakirələr açmaqla insanları narahat etməyə dəyməz Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, son günlər fərdi yaşayış evlərinin kənarında qalan ərazilərdə gül-çicək, ağac əkilməsi və ya maşın saxlanılmasının "İnzibati Xətalar Məcəlləsi"nin 247-ci maddəsi ilə məsuliyyət yaratması barədə mətbuatda geniş kampaniya aparılır. Milli Məclisin üzvü kimi fikirləriniz maraqlıdır, bu kimi hərəkətlər həqiqətənmi məsuliyyət yaradır?

- Bu barədə çoxsaylı insanlar zəng edib soruşur ki, bu normanı məcəlləyə nə vaxt daxil etmisiniz?Cavab verirəm ki, deyilənlər, eşitdikləriniz yanlışdır. İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə) cərimə nəzərdə tutulur. Bu norma (ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət) 25-ci fəsildə nəzərdə tutulub.

Torpaq Məcəclləsinin 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, torpaqlar bir neçə kateqoriyaya bölünür ki, onlardan biri də yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarıdır. Məcəllənin 10-cu maddəsində deyilir ki, "torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir". Məcəllənin 18-ci maddəsinə görə, yaşayış məntəqəsinin ümumi istifadədə olan torpaq sahələrinə küçələr də aiddir. Ona görə yolun kənarına ağac, gül əkən sakin onu ümumi istifadə üçün əkir, şəxsi istifadəsi üçün bostan əkmir ki. İnkişaf etmiş ölkələrdə yolların kənarına ağacları, gülləri bələdiyyələr əkir. Bunu vətəndaşlar edirsə, onlara təşəkkür etmək lazımdır. O zaman fərdi yaşayış evinin kənarında avtomobil saxlamağa görə avtomobil sahibini cərimələmək olar ki, yola asfalt vurulsun, kənarına xətt çəkilsin və qadağanedici nişan qoyulsun. Bu yoxdursa istənilən avtomobil sahibinin cərimələnməsi qanunazidd olacaq. Bakı şəhərində avtomobillərin saxlanması üçün parkinq yerləri olduqca azdır. Camaat maşınını harada saxlasın? İnkişaf etmiş ölkələrin paytaxtlarında, məsələn, Londonda parkinq yerlərinin sayı avtomobillərin ümumi sayından iki dəfə artıqdır, bir avtomobilə iki parkinq yeri düşür. Bizdə isə bir parkinq yerinə 42 avtomobil düşür. Bu məsələ dəfələrlə parlamentdə müzakirə olunub. Şəhərdə yaşıllıq az olduğundan oksigen normadan 29% azdır. İnsanlar həm də buna görə özlərini yorğun hiss edir və immunitetləri zəif olur. Ona görə yersiz müzakirələr açmaqla insanları narahat etməyə dəyməz.

- Qüdrət bəy, Trampın Konqresə göndərdiyi məktubdan sonra, "İranda savaş bitdi",-deyib, rahat nəfəs ala bilərikmi?- Düşünürəm ki, bu nəticəyə gəlmək hələ tezdir. İran limanlarını blokadada saxlayan ABŞ gəmilərinə atəş açılması İrana yeni hücumlara başlamağa səbəb ola bilər.

- Körfəz ölkələri sürətlə silahlanır, atəşkəs pozularsa onlar da İsrail kimi bu dəfə müharibəyə qoşula bilərmi?

- Çoxlu silaha sahib olmaq, hələ güclü orduya sahib olmaq demək deyil. Kenneth M.Pollackın "Why Arabs Lose Wars" (Ərəb ölkələri niyə müharibələri uduzur) adlı əsəri var. O 1948-1991-ci illərdə ərəb ordularının İsrail və ABŞ-yə məğlub olmalarının səbəblərini araşdırıb. O, bunu onunla izah edir ki, avtoritar idarəçilik aşağı səviyyədə təşəbbüs göstərməyə icazə vermir, uğursuzluğa görə cəzalandırıldığı üçün belə ölkələrdə zabitlərdə səhvləri gizlətmək mədəniyyəti formalaşıb, komandanlıq sistemi həddindən artıq mərkəzləşib, təlimlər çox vaxt kağız üzərində olur və nümayiş xarakteri daşıyır, logistika zəif olur.

Ən başlıcası, zabitlərin yüksək vəzifələrə təyin olunması meritokratiya (bilik və bacarığa görə) əsasında yox, kronizmə (kadrların seçilməsi bilik və bacarığa görə yox, sadiqlik və yaxın çevrə prinsipinə) görə aparılır. Belə ordularda daha çox texnikaya güvənilsə də, insan kapitalı və sistem olmadığı üçün texnika effekt vermir. Müəllif yazır ki, müharibəni təkcə silah yox, idarəetmə mədəniyyəti, təlim, təşəbbüs azadlığı və peşəkar institutlar qazanır. Burda əsgərlərin savadlılığı da mühüm rol oynayır. Britaniya və ABŞ-də əsgərlərin savadlılığı 100 %-dirsə, ərəb ölkələrində bu 50%-dən bir az artıqdır. Britaniyada sənayeləşmə 18-ci əsrin ortalarında başlayıbsa, ərəb ölkələrində bu XX əsrin ortalarında başlayıb. Həmçinin xalqın ümumi inkişaf səviyyəsi də mühüm rol oynayır. Hakimiyyətlə xalq, ordu rəhbərliyi ilə əsgərlər arasında məsafə olmayanda ordu güclü olur.

Ona görə ərəb ölkələrinin müharibəyə ilk gündən qoşulmaması, münaqişəni genişləndirmək qorxusundan qaynaqlanmırdı.

Pollakın yuxarıda qeyd olunan fikirlərini İran ordusuna da aid etmək olar. Ona görə İran rəhbərliyi ABŞ ilə sülhə nail olmaq və yeni müharibəni önləmək üçün ciddi səy göstərməli, islahatlara başlamalıdır. Hazırda görünən odur ki, tərəflərin heç biri özünü məğlub hesab etmədiyi üçün müharibənin növbəti raundunun baş vermə ehtimalı böyük olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
icma.az

1Sources