EN

Tələbələrə ŞAD XƏBƏR – Bir il gözləməyə ehtiyac qalmayacaq...

Son illərdə Azərbaycanda müxtəlif sahələrdə rəqəmsallaşma prosesi təhsil sahəsinə də təsir edir və müəyyən dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərdən biri də diplomların elektron formata keçididir. Artıq məzunların kağız sənəd əvəzinə elektron diplom əldə etməsi barədə qanun təsdiq edilib. Bu yenilik həm işə qəbul, həm də təhsil proseslərində operativlik yaradır. Lakin eyni zamanda bir sıra suallar da ortaya çıxır:

Rəqəmsallaşma nəticəsində saxta elektron diplomların yaradılması təhlükəsi varmı? Məzunlar diplomun tərcüməsi və təqdimində çətinlik yaşayacaqmı?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kağız formada attestat və diplomlar VERİLMƏYƏCƏK


Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, elektron diploma müdaxilə, qiymətlərin dəyişdirilməsi yaxud saxta elektron diplomların yaradılması qeyri-mümkündür:

“Saxta diplomların yaradılması mümkün deyil. Çünki konkret təhlükəsizlik tədbirləri alınır. Bütün universitetə qəbul olunanların adı elektron hökumət portalına inteqrasiya olunduğu üçün həmin şəxslərin adı avtomatik sistemdə oturur. Orada müvafiq təhlükəsizlik tədbirləri alınaraq, xüsusi şifrələr təyin olunaraq və vahid bazaya əsaslanaraq proses idarə olunacaq. Ona görə də hansısa şəxsin qeyri-qanuni o sistemə daxil olmasını mümkünsüz görürük”.

Magistratura yaxud iş üçün xarici ölkələrə müraciət etmək istəyən məzunlar üçün diplomun tərcüməsi və təqdimi prosesi necə olacaq?

Ekspert bu məsələyə də aydınlıq gətirib:

“Məzunlar elektron versiyanı çap edərək notarial qaydada təqdim edə biləcəklər. Çünki digər ölkələrə informasiya verilir ki, bizim ölkədə diplomlar elektron qaydada təqdim ediləcək. Dünyanın bir çox ölkəsi artıq bu sistemə keçib”, - deyə E.Əfəndi qeyd edib.

Bəs, elektron diplomların yaradılmasının məqsədi nədir və məzunların həyatını nə dərəcədə asanlaşdıracaq?

Elçin Əfəndinin sözlərinə görə, bu sistem diplomları daha çevik və distant formada əldə etməyə imkan verir.

“Məlumumuz olduğu kimi, diplomlar daha gec verilirdi. Hətta bəzi hallarda diplomların verilməsi universiteti bitirdikdən sonra 1 ilə qədər yubanırdı. İndi isə  universiteti bitirdikdən dərhal sonra elektron diplomları əldə edə biləcəklər.


Bu həm də ekoloji problemə dəstək xarakteri daşıyır. Kağız daşıyıcıdan istifadənin məhdudlaşdırılması, ekologiyaya zərərin qarşısının alınması kimi amilləri özündə ehtiva edir”- ekspert əlavə edib.

Qeyd edək ki, diplomların rəqəmsallaşması bu ildən etibarən tətbiq ediləcək.

Xədicə Paşayeva, Bizim.Media

Chosen
18
40
bizim.media

10Sources