EN

Xoşagəlməz insidentə dair yanlış şərhlər

Tək bizdə deyil, bir hadisəni, prosesi şərh edərkən ümumiləşdirmə etmək dünyanın hər yerində var. Amerikada, Avropada vəkilləri ümumi şəkildə “yumurtadan yun qırxan” adlandırırlar. Bankirlər dünyanın hər yerində “camaata pul satan”dır. Məmurlar, deputatlar haqqında da geniş yayılmış ümumiləşdirmələr, mənfi rəylər var.

O vaxt şahzadə Diana sevgilisi Dodi əl-Fayedlə birlikdə tuneldə qəzaya uğrayanda britaniyalı jurnalistlərin adı bədnam olmadımı? Rəsmilər belə bir açıqlama verdilər ki, sevgili cütlük jurnalistlər (paparassilər) tərəfindən təqib edilərkən qəzaya uğrayıblar. (Guya jurnalistlər tünd şüşəli avtomobilə çatsalar, nə çəkəcəkdilər?). Nəticədə şahsevən ingilis xalqı uzun müddət bütün jurnalistlərə nifrət etdi. Elə çıxırdı ki, şahzadəni 100 min jurnalist təqib edirmiş.

Bu üzdəndir ki, bəzi ağıllı ölkələrdə qətl və zorlama kimi ağır cinayət törədənlərin milli kimliyi, hansı ölkədən olmaları, ad-soyadları, şəkilləri ictimaiyyətə göstərilmir. Hüquq-mühafizə orqanları qorxurlar ki, qətl və ya zorlama hadisəsinə görə qeyzlənən (adətən, bu hadisələr ictimai qeyz yaradır) insan qrupları hücum edər, cinayəti törədən adamın millətindən olanları pis günə qoyarlar.

Əvvəllər belə hadisələr olub. Öz ölkəsində qız-qadın topuğu görməyən yanıq əfqanlar gəlib Stokholmda yalın diz görəndə hövlləniblər, məlum cinayətə qol qoyublar, üstü açılanda yerli isveçlilər əfqan qaçqınların yaşadığı düşərgəyə hücum ediblər. İndi rəvadırmı ki, iki yanıq əfqana görə heç bir günahı olmayan yüzlərlə əfqan yandırılsın?

Yeri gəlmişkən, qürbətdə cinayət törədən soydaşımızın ad-soyadının göstərilməsinin bizə o qədər də ziyanı olmazdı. Tutaq ki, həmin qələti ad-soyadı Ruslan İmanov (yaxud, sonluğu “ov”-“yev”lə birən başqa soyadlı) olan həmvətənimiz edib və onun adı çəkilib, bu halda yerli camaat gedib ölkədəki rusları çırpar.

İndi baxıram ki, bir qazı qardaş bir nadir ixtisaslı həkim soydaşımıza qarşı pis hərəkət törədib və insanlar bu hadisəyə dair rəy bildirərkən çoxlu ümumiləşdirmələr edirlər. Biri bütün həkimləri qınayan status yazır. O biri nankor pasiyentləri “vuran” şərhlər verir. Başqa biri ümumiyyətlə qazilərin özünü yaxşı aparmadığını qeyd edir. Səhiyyə sisteminin tamamilə bərbad olduğuna vurğu salanlar da var.

Söz yox, ölkədə çoxlu yaxşı həkimlər də var. Pis həkimlər də az deyil. Müharibədə hər cür fədakarlıq edən, bir sözlə, vətən yolunda can qoyan, amma tərxis olunduqdan sonra özünü təvazökar aparan, lovğalanmayan qazilər minlərlədir. Eyni zamanda döyüş üzü görməyən, yalnız işğaldan azad olunmuş kəndlərdə patrulluq edən yüzlərlə keçmiş döyüşçü var ki, əsgər paltarı geymiş hər bir kəsə verilən medalı (“Filan rayonun azad edilməsinə görə”) əlində dəstəvuz edərək az qalır camaatın başını yarsın.

Ona görə də biz baş vermiş hadisəni bütün qazilərlə bütün həkimlərin münaqişəsi kimi yox, bir həkimlə bir qazinin arasındakı xoşagəlməz insident kimi şərh etməliyik. Hər kəs öz mənsub olduğu təbəqəni, zümrəni haqlı saysa, iş absurda gedər. Andır kontekstdən çıxar, gərginlik yaranar.

Zatən, həkimlərə hücumlar keçmiş qardaş Rusiyadan tutmuş hazırkı qardaş Türkiyəyə qədər qonşu ölkələrdə, ümumiyyətlə, dünyanın hər tərəfində, özü də hər gün baş verir. İnsan oğlu belədir, 95 yaşlı atasının ölümünə görə təcili yardım həkimini döyür ki, sən 5 dəqiqə tez gəlsəydin, kişini xilas etmək olardı. Ta demir ki, ambulans maşınından daha sürətli uçan konkret mələk var.

Müasir tibb 100 il əvvəllə müqayisədə 100-də 95 halda insanı vaxtsız ölümdən xilas edə bilir. Amma bu, o demək deyil ki, insan ömrünü əzizlərin istədiyi qədər uzatmaq olar.

Hərçənd orası da var ki, bəzən səhlənkar və tamahkar həkimlər də olur, amma onları döyməyin faydası yoxdur, onlara Hippokratın andı qənim olsun.

Ümumiləşdirmənin adamı naqolay duruma qoyduğuna dair bir lətifə var. Deyir, Nyu-Yorkda supermarket administratoru dilli-dilavər satıcıya yaxınlaşır, haralı olduğunu soruşur, o da deyir, kanadalıyam, ser. Administrator deyir, bəs nə əcəb gözəl Kanadanı qoyub bizim ölkəyə gəlmisən. Oğlan deyir, eh, ser, Kanadada nə var axı, ya xokkeyçidirlər, ya da barlarda gəzən “quş”lar. Administrator bozarır, deyir, cavan oğlan, mənim arvadım kanadalıdır. Oğlan özünü itirmir və tez soruşur: “Xanmınız Kanadada hansı komandada oynayıb, ser?”

Yəni ümumiləşdirmə etməyin belə xətalı dönüş nöqtələri ola və kanadalı gənc kimi iti zəkaya malik olmayanlar sözlərindən ilişə bilər. Salamatı ümumi danışmamaqdır.

**

Dünya, ümumiyyətlə, köhnə dünyadır...

 

Chosen
6
8
musavat.com

9Sources