Yaxın Şərqdə texnoloji müharibənin yeni mərhələsi diqqət çəkir.
Musavat.com xəbər verir ki, CNN telekanalının xüsusi reportajında “Hizbullah”ın istifadə etdiyi yeni tip dronların İsrail üçün ciddi problem yaratdığı qeyd olunur.
Məlumata görə, söhbət optik lif (fiber-optik) kabel vasitəsilə idarə olunan kvadrokopterlərdən gedir. Bu dronlar operatora birbaşa, yüksək keyfiyyətli görüntü ötürür və ən vacibi - heç bir radio siqnal yaymadığı üçün İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə olunan radioelektron mübarizə vasitələri ilə aşkar edilə və ya zərərsizləşdirilə bilmir.
İsrailli ekspert Yehoşa Kalisky bildirib ki, bu sistemlər siqnal olmadığı üçün nə bloklana, nə də start nöqtəsi müəyyən edilə bilir.
CNN-in yaydığı görüntülərdə belə dronlardan birinin Cənubi Livanda hədəfə - İsrail tankına - yüksək dəqiqliklə zərbə endirdiyi əks olunub. Hadisə nəticəsində 19 yaşlı serjant İdan Fuks həlak olub, bir neçə hərbçi yaralanıb.
Bildirilir ki, bu dronların əsas üstünlüyü sadəliyidir: onlar radio siqnal əvəzinə operatorla birbaşa optik lif kabeli ilə bağlı olur. Bu kabel son dərəcə nazik və demək olar ki, görünməzdir, uzunluğu isə 15 kilometrə qədər çata bilir. Bu da operatorun təhlükəsiz məsafədən idarə etməsinə imkan verir. Eyni zamanda İsrail ordusu üçün əsas problem dronun aşkar edilməsidir, çünki ənənəvi müdafiə sistemləri bu texnologiyaya qarşı effektiv deyil.
Məqalədə qeyd olunur ki, bu tip dronlar ilk dəfə geniş şəkildə Ukrayna müharibəsində istifadə olunub və Rusiya qüvvələri tərəfindən effektiv nəticələr verib.
Ekspert Samuel Bendett bildirib ki, bu sistemlər hətta hazırlıqlı orduya qarşı da təhlükəlidir:
“Təcrübəli operatorun əlində bu, çox effektiv və ölümcül silaha çevrilir”.
Mənbələrin məlumatına görə, “Hizbullah” bu dronları əsasən Çin və ya İrandan əldə olunan mülki modellər əsasında modifikasiya edir və partlayıcı qurğularla təchiz edir.
Nəticə etibarilə, bu ucuz, lakin texnoloji baxımdan effektiv sistemlər “Hizbullah” üçün yeni, çətin aşkar olunan və dəqiq zərbələr endirə bilən silah rolunu oynayır.
Musavat.com