EN

Asiya İnkişaf Bankı yeni mexanizm işə salır

Asiya İnkişaf Bankı (AİB) Kritik Əhəmiyyətli Mineral Xammal İstehsalının Tərəfdaşlıq Maliyyələşdirilməsi Mexanizmini (CMMFF) işə salıb.

Bunu AİB prezidenti Masato Kanda Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin işə salınmasına həsr olunmuş seminarda bildirib.

Bankın prezidenti qeyd edib ki, kritik əhəmiyyətli minerallar sənaye transformasiyasının əsasında dayanır.

“Bu, istehsalın ilkin mərhələləri üçün sadəcə xammal deyil; bunlar strateji aktivlərdir. Onlar təbii resursları “yaşıl energetika”, sənaye və iş yerləri ilə əlaqələndirərək, regionumuzun şəbəkələşmiş gələcəyində mərkəzi rol oynayır.

Asiya-Sakit okean regionu əlverişli mövqeyə malikdir. Regionumuz əhəmiyyətli mineral resurs ehtiyatlarına və güclü sənaye potensialına malikdir. Lakin təkcə potensial kifayət deyil”, – M. Kanda qeyd edib.

Onun sözlərinə görə, AİB-in yataqlara malik inkişaf etməkdə olan üzv ölkələrinin çoxu hazırda yalnız hasilata (upstream) köklənib.

“Yerli və regional səviyyələrdə şaquli inteqrasiyanı, o cümlədən emalı; hazır məhsul istehsalını; təkrar emalı gücləndirmək üçün böyük potensial mövcuddur. Belə inteqrasiya iş yerləri yaradır, investisiyaları cəlb edir və iqtisadiyyatın dayanıqlığını artırır. O, inklüziv və qarşılıqlı gücləndirici inkişafı təmin edərək, zəncirin bir halqasındakı artımın digərlərindəki artımı dəstəkləməsinə zəmanət verir. Bizə elə bir sistemli yanaşma lazımdır ki, o, hasilatdan tutmuş utilizasiyaya qədər bütün dəyər yaradılması zəncirini birləşdirsin, irimiqyaslı investisiyaları səfərbər etsin, bu investisiyaların dayanıqlığı üçün institutlar və idarəetmə mexanizmləri yaratsın.

Məhz bunun üçün biz bu gün CMMFF-ni işə salırıq. Bu, sözügedən keçidi dəstəkləmək üçün AİB-in flaqman platformasıdır. O, investisiyaların həcmini artırmağa, özəl kapitalı cəlb etməyə və regional əməkdaşlığı gücləndirməyə imkan verəcək”, – AİB prezidenti vurğulayıb.

M. Kanda qeyd edib ki, ilk imkanlar artıq Özbəkistanda, eləcə də Monqolustan və Hindistandadır.

“Bu bazarlarda AİB resursların mənimsənilməsini emal və istehsalla əlaqələndirməyə kömək edir. Bu, sadəcə növbəti bir fond deyil, bu, dialoqdan konkret nəticələrə, ambisiyalardan real yatırımlara keçmək öhdəliyidir. AİB bizim inkişaf etməkdə olan üzv ölkələrimizin bu əlavə dəyəri əldə etməsinə çalışır. Biz üzərimizə daha çox risk götürməyə, qabaqlayıcı şəkildə hərəkət etməyə və birlikdə – qətiyyətlə, fədakarlıqla və sürətlə işləməyə hazırıq”, – o vurğulayıb.

MənbəREPORT
Chosen
3
29
banker.az

10Sources