EN

Samir Rzayev: Belqrad istiqaməti sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir VİDEO  

Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin açılması mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni marşrutun istifadəyə verilməsi təkcə uçuş coğrafiyasının genişləndirilməsi deyil, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir. “Air Serbia” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə sərnişinlər üçün daha rahat və çevik səyahət imkanları yaradır.

S.Rzayev qeyd edib ki, həftədə iki dəfə icra olunacaq uçuşlar həm işgüzar səfərlərin intensivləşməsinə, həm də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. Belqrad istiqaməti Bakı hava limanının beynəlxalq uçuş şəbəkəsini genişləndirərək sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir.

İdarə Heyətinin sədri vurğulayıb ki, ilk reyslə Serbiyadan rəsmi qonaqların ölkəmizə səfəri bu marşrutun əhəmiyyətini bir daha nümayiş etdirir: “Onları Bakıda salamlamaqdan məmnunuq. Bu, iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

S.Rzayev əlavə edib ki, əsas məqsəd sərnişinlər üçün təhlükəsiz, rahat və səmərəli səyahət mühitinin təmin edilməsidir. Bu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və əməliyyat səmərəliliyinin yüksəldilməsi üzrə işlər davam etdirilir.

“Əminik ki, Bakı–Belqrad reysi həm sərnişinlər, həm də tərəfdaşlarımız üçün uğurlu olacaq və Azərbaycan ilə Serbiya arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək”, – deyə S.Rzayev bildirib.

1Sources