EN

Merts: ABŞ nin ortamənzilli raketlərinin Almaniyada yerləşdirilməsini gözləmir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts ABŞ-nin Almaniyaya ortamənzilli raketlər yerləşdirməsi ehtimalını aşağı qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, Kansler bu barədə ARD televiziyasına müsahibəsində danışıb: “Hazırda gördüyümə görə, hətta ABŞ-nin belə bu tip silah sistemlərini ötürmək imkanı obyektiv olaraq yoxdur”.

DPA agentliyinin sitat gətirdiyi müsahibədə Merts əlavə edib ki, “bildiyimə görə, amerikalıların özlərində hazırda kifayət qədər silah ehtiyatı yoxdur”. Onun sözlərinə görə, bu məsələ bir neçə aydır müzakirə olunur, lakin indiyə qədər ABŞ tərəfindən konkret öhdəlik götürülməyib. Bununla belə, Kansler qeyd edib ki, “proses hələ tam bağlanmayıb”.

İki il əvvəl NATO sammitində ABŞ-nin o zamankı prezidenti Co Bayden “Soyuq müharibə”dən bəri ilk dəfə olaraq Almaniyada ortamənzilli konvensional raketlərin yerləşdirilməsini vəd etmişdi. Planlara görə, 2026-cı ildən etibarən 2500 kilometrə qədər mənzilə malik “Tomahawk” qanadlı raketləri, SM-6 raketləri və hipersəs silah sistemlərinin yerləşdirilməsi nəzərdə tutulurdu.

Hazırkı ABŞ Prezidenti Donald Tramp bu qərarı hələ açıq şəkildə nə təsdiqləyib, nə də ləğv edib.

Bundan əvvəl “Financial Times” qəzeti Pentaqondakı mənbəyə istinadla ABŞ administrasiyasının Almaniyada, o cümlədən “Tomahawk” raket batalyonunun yerləşdirilməsi planlarını yenidən nəzərdən keçirdiyini yazmışdı. Vaşinqton və Berlin bu planları 2024-cü ilin iyulunda açıqlamış, ilkin olaraq yerləşdirmənin 2027-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
2
azertag.az

3Sources