EN

Aşağı bal toplayan şagirdlər üçün vacib TÖVSİYƏLƏR

Artıq şagirdlərin buraxılış imtahanının nəticələri elan edilib. İmtahanlarda yüksək nəticə göstərən şagirdlərin uğurları və müsahibələri demək olar ki, bütün sosial şəbəkələrdə yayılıb, hər kəs onları təbrik edir və sevincinə şərik olur.

Ancaq illərlə hazırlıqlara gedən, ailəsi tərəfindən sərt rejimdə oxumağa yönləndirilən və buna baxmayaraq yaxşı nəticə əldə edə bilməyən şagirdlər də var. Digərlərinin uğuru onları öz uğursuzluqları ilə daha çox üz-üzə qoyur. Nəzərə alsaq ki, onları qarşıda daha böyük qəbul imtahanı gözləyir, bu vəziyyət daha da çətinləşir.

Maraqlıdır, belə hallarda həmin şagirdlər nə etməlidir? Valideynlər övladları ilə necə ünsiyyət qurmalı və onlara necə dəstək olmalıdır?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, hər bir valideyn övladını uğurları və uğursuzluqları ilə birlikdə qəbul etməli, onu hər halı ilə sevməlidir:

“Biz hər zaman deyirik ki, imtahan öncəsi mütləq övladlarınıza dəstək olun. Əgər siz bu dəstəyi verə bilmirsinizsə, mütləq psixoloqdan yardım alın. Psixoloq dəstəyi alan abituriyentlər imtahanlarda daha uğurlu ola bilirlər. Hətta bu dəstəyi ən son anda belə almaq mümkündür. Bir dəfə də olsa uşağınızı psixoloqun yanına aparmağınız tövsiyə olunur.

Əslində, məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş səviyyədə olsa, buna ehtiyac qalmazdı. Amma mövcud vəziyyət belə deyil. Ümumiyyətlə, ölkəmizdə valideynlərin böyük əksəriyyəti tez-tez öz övladlarını başqalarının uşaqları ilə müqayisə edir. Məsələn, “filankəs bu qədər bal topladı, sən niyə toplaya bilmədin?” kimi ifadələrlə qonşu və ya qohum uşaqları nümunə göstərilir.

Müqayisə etmək çox zərərli davranışdır. Bu, uşağın şəxsiyyətini alçaldır, özünə güvənini azaldır. Əgər valideyn övladını bu cür tənqid edir, onun bacarığını yetərsiz sayırsa, bu, növbəti imtahanlara da mənfi təsir edir. Uşaq həvəsdən düşür, motivasiyası azalır və nəticədə gələcək imtahanlarda daha aşağı nəticə göstərmə ehtimalı artır.

Ümumiyyətlə, bir psixoloq olaraq düşünürəm ki, həyat 120 sualdan və 3 saatlıq vaxtdan ibarət deyil. Buna görə də övladlarımızın bu suallara düzgün cavab verə bilməməsi onların savadsız olması demək deyil. Sadəcə olaraq, müəyyən fənni yetərincə mənimsəməmiş ola bilərlər.

Bu cür hallar normaldır. Amma biz övladlarımızı incidərək, alçaldaraq və ya təhqir edərək vəziyyəti daha da ağırlaşdırırıq və nəticələri aşağı salırıq. Buna görə valideynlər çalışmalıdır ki, abituriyentlərə daim dəstək olsunlar. Əgər nəticə aşağıdırsa, təbii olaraq motivasiya da azalır və belə hallarda psixoloqa müraciət etmək düzgün addım olardı.

Nəticə yüksək də ola bilər, aşağı da. Övladınız universitetə qəbul ola da bilər, olmaya da bilər. Amma bütün hallarda onu alçaltmaq olmaz. Heç vaxt onun şəxsiyyətinə, mənliyinə və qüruruna toxunan sözlər işlətməyin.

Unutmaq olmaz ki, universitet diplomu sadəcə sənəddir. Bu sənəd gələcəkdə avtomatik olaraq kiməsə həkim, vəkil və ya başqa bir vəzifə qazandırmır, sadəcə ali təhsil aldığını göstərir.

Ətrafımıza baxsaq görərik ki, ali təhsili olmadan da uğur qazanan kifayət qədər insan var. Bu isə onu göstərir ki, uğur hər zaman yalnız ali təhsildən asılı deyil. Uğur daha çox insanın özünü necə inkişaf etdirməsindən və sahib olduğu bacarıqlardan asılıdır".

Chosen
37
azedu.az

1Sources