EN

İlahiyyatçı: “Donuz, it, ölmüş heyvan dərisindən hazırlanan parikdən istifadə etmək olmaz”

Parik taxmağın dini baxımdan icazəli olub-olmaması son vaxtlar müzakirə olunan mövzulardandır. İslam dini çərçivəsində bu məsələ ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəziləri parikin dini cəhətdən problem olmadığını desələr də, digərləri bunun düzgün olmadığını bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, İslam hüququna görə parik taxmaq icazəlidir: “Mənfi məqsədlər və günah iş görmək məqsədi ilə istifadə etmək olmaz. Qadınlar üçün parik hicabı da əvəz edə bilir. Saç əkdirməyin də günahı yoxdur. Həzrət Məhəmməd Peyğəmbər zamanında o, yaşlıların cavan görünməsi üçün saqqallarına rəng vurmasını tövsiyə edirdi. Təbii ki, o dövrdə parik yox idi, lakin insanın zahiri görkəmini nizama salan, onu gənc göstərən yaxud yaraşıqlı olmasına vəsilə olan vasitələri İslam dini icazəli hesab edir. Saçı, saqqalı rəngləmək, ətir vurmaq, dişləri fırçalamaq, saç yoxdursa, parik taxmaq bəyənilən işlərdəndir. Təbii ki, parikin materialı, tükləri, dərisi dinə görə haram sayılan dəridən, tükdən olmamalıdır. Tutaq ki, donuz, it, ölmüş heyvan dərisindən hazırlanan parikdən istifadə etmək olmaz, o başda olarkən namaz qılmaq batildir. Parik təmiz və halal əşyalardan olmalıdır. Belə olduqda istər qadın, istər kişi ondan istifadə edə bilər. Eyni zamanda, İslam alimlərinə və əksər məzhəblərin rəyinə görə insanın öz saçından, yaxud başqasının saçından hazırlanan parikin istifadəsi məqbul deyil. Lakin digər süni saç növündən olan parikləri istifadə etmək olar”.

 

Şəhanə Quliyeva

Tarix: 4 May 2026, 09:36   
Chosen
21
pravda.az

1Sources