EN

Rasim Əliyev: "Heydər Əliyev mənə dedi ki, hər şeyi düzgün etmisən" - TARİXİ ŞƏXSİYYƏT

Kulis.az Xalq yazıçısı Elmira Axundovanın "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Azərbaycan SSR əməkdar memarı, Dövlət mükafatı laureatı Rasim Əliyevlə müsahibəsinin ikinci hissəsini təqdim edir.

Birinci hissə burada

E.A. – 1983-cü ildə Siyasi Büro iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin vətənində onun büstünün qoyulması haqqında qərar qəbul etdi. Siz bu layihənin müəllifi, Ömər Eldarov isə abidənin müəllifi idi. Planınızın mahiyyəti nə idi?

R.Ə. – Bizim layihəyə görə, bu, park olmalı idi. Park Qızlar bulağı adlanan yerə qədər uzanırdı. Qızlar bulağı ilə gələcək park arasında tikintisi başa çatmamış idman qurğusu ucaldılmışdı. Və bu, ümumi panoramı korlayırdı. Ona görə də biz onu söküb, ərazini birləşdirdik, parkın layihəsini hazırladıq. Məsələnin çətinliyi onda idi ki, bu yerin ərazisi dübbədüz idi. Əgər abidəni şaquli planlaşdırma aparmadan qoysaydıq, heykəl «itib-batacaqdı». Perspektiv nəzəriyyəsində belə bir qanun var: düz müstəvidə hər hansı şaquli qurğu ucaldılırsa, üfüqi xətt dərhal əks tərəfə əyilir. Onda mən çıxış yolu tapdım: parkın ərazisini süni şəkildə torpaqla elə doldurdum ki, heykəl ən yüksək nöqtədə, episentrdə qalsın. Heç kim hiss eləmirdi ki, burada yüngül maillik var. Ortasına büstü və postamenti yerləşdirdim. Heykəl Siyasi Büro üzvləri üçün təyin olunmuş parametrlərə uyğun gəlməli idi. O, Siyasi Büronun bütün üzvləri, iki-üç dəfə Sosialist Əməyi Qəhrəmanları üçün müəyyənləşdirilmiş metrajdan hündür olmamalı idi. Büstün forması fərqli ola bilərdi, ancaq büstün və postamentin ölçüləri eyni olmalı idi.

Bu artıq limitləşdirilmişdi. Bax, bu yüngül maillik qoyulmuş standartlara əməl etməklə abidənin yüksək görünməsinə imkan yaratdı.

Heykəli quraşdırmaq da, sən demə, asan məsələ deyilmiş. Çünki dörd metrlik bütöv qranit bloklar bir-birinə millimetr dəqiqliyi ilə uyğun gəlməli idi. Bu, Ukraynadan gətirilmiş Tokovski qraniti idi. İşə kombinatın özündə nəzarət olunmalı idi, mən də, əlbəttə ki, ora gedirdim. Çünki bircə millimetr səhvə yol verilsəydi, onda ayrı-ayrı hissələrdən, qranit bloklardan yığılan altıüzlü, səkkizüzlü plitədə heç bir şey uyğun gəlməzdi. Bu, həqiqətən, zərgər işi idi. Təbii ki, mən də memar kimi müəllif nəzarətini həyata keçirirdim. Heykəl təxminən bir ildən sonra ucaldıldı.

E.A. – Onun həyatının Moskva dövrü haqqında danışaq. Bu dövrdə o çox sarsıntı və məyusluqlarla üzləşdi. 1985-ci ildə Zərifə xanım Əliyeva dünyasını dəyişdi.

R.Ə. – Bu, faciə idi, mən heç vaxt Heydər Əliyeviçi belə sarsılmış vəziyyətdə görməmişdim. Hönkürtü ilə ağlayırdı, onu belə görmək çox ağır idi... Rukavişnikov Zərifə xanımın meyitindən maska çıxaranda mən ailə üzvü kimi orada iştirak edirdim.

E.A. – Onun həyatının həmin dövrü haqqında nə deyə bilərsiniz?

R.Ə. – O dövrdə tez-tez onunla ünsiyyət saxlayırdım, mən Moskvaya gedəndə hökmən ona baş çəkirdim. O məni Kremldə də, evdə də qəbul edirdi.

E.A. – Bu dövr barədə danışın. Onun istirahət dəqiqələri olurdumu?

R.Ə. – Əslində, mən Heydər Əliyevi istirahət edən görməmişəm. Hətta onun Qorki-10 qəsəbəsindəki bağ evinə gedəndə də. Oraya o, işdən sonra gəlirdi, yəni saat on birdən tez olmurdu. O, çox yorğun görünürdü. Yalnız gücü ona çatırdı ki, çay içə-içə evdəkiləri soruşur, respublikada nələr olduğu ilə maraqlanırdı. Axı onun bir neçə ideyası vardı ki, onları hələ Bakıda olarkən həyata keçirməyə başlamış, ancaq başa çatdırmağa macal tapmamışdı. O, həmin işlərlə çox maraqlanırdı.

Misal üçün, onun, demək olar ki, tikinti mərhələsinədək gətirib çıxardığı ideyasını sonralar bizim və Moskvanın rəhbərləri yerlə yeksan etdilər. O, Abşeronda aqroşəhərcik tikmək arzusundaydı. Bu şəhərcik faktiki olaraq şəxsi mülkiyyət əsasında fəaliyyət göstərməli idi. Düzdür, o vaxtlar bu cür sözlər işlədilmirdi, ancaq məsələnin məğzi məhz belə idi. Başqa sözlə, aqroşəhərciyin hər bir ailəsinə təmənnasız istifadə üçün 1-1,5 hektarlıq sahə ayırmaq nəzərdə tutulurdu. Aqroşəhərcik dövlət tərəfindən tikilib Abşeron sakinlərinə verilməli idi. Hətta ərazi də seçilmişdi: neft mədənlərindən aralı, Buzovna qəsəbəsinə dönən yerdən ta uzaqlaradək münbit torpaqlı geniş bir ərazi.

Moskvadan Kənd yaşayış məntəqələrinin dizaynı və layihələndirilməsi İnstitutunun direktoru akademik Sokolov dəvət olunmuşdu. O, Heydər Əliyevin tapşırığı ilə hazırlanmış maketi gətirmişdi: şəhərciyin ayrı-ayrı malikanələri və baş plan. Layihəni bəyəndilər. Mənə Bakının baş memarı kimi bu məsələyə nəzarət etməyi tapşırdılar. Hələ o vaxt sovet statistikası təsdiq edirdi ki, kənd təsərrüfatının bazar məhsullarının 70 %-ni insanlar həyətlərdə, həyətyanı sahələrdə yetişdirirlər. Bu statistika yalnız ölkə rəhbərliyinə məlum idi. Heydər Əliyev belə bir eksperiment aparmaq qərarına gəldi. İnsanların məhsul istehsalında maraqlı olmaları üçün bu sahələri uzunmüddətli icarə şərtilə və ya başqa nə cürsə onlara paylamalı. Onlar da öz məhsullarını kooperasiya vasitəsilə satsınlar. Ancaq o, Moskvaya köçən kimi, hər şey yarımçıq qaldı. Kamran Bağırovun respublikaya rəhbərliyinin ilk aylarında akademik Sokolov layihənin həyata keçirilməsinə razılıq almaq üçün yenidən gəldi. O vaxt artıq ikinci katib Konovalov idi. Maketə baxmağa hamını, o cümlədən məni də dəvət etdilər. Müzakirənin gedişində Sokolov yeni rəhbərliyə yenidən məruzə etdi. Bax, onda diskussiya başladı. Kamran Bağırova qədər Konovalov çıxış etdi. Bu ideyanı darmadağın edərək ona siyasi rəng verdi. «Biz neçə illərdən bəri kolxozlar yaradıb, kollektivləşdirmə aparmışıq, siz isə yenidən kapitalizm, yenidən şəxsi mülkiyyət yaratmaq istəyirsiniz?»

O, Azərbaycana qədər Vladimir vilayətində işləmişdi. Mən Vladimirdə olmuş, orada bəzi şeyləri görmüşdüm, odur ki ona dedim: «Siz Vladimirdə işləmisiniz və çox gözəl bilirsiniz ki, bostan məhsullarının 80 %-ə qədərini bazara xüsusi mülkiyyətçilər çıxarırlar. Bu əsasda sizdə nə cür konserv zavodları inşa olunmuşdu! Sizin vaxtınızda orada şöhrəti bütün ölkəyə yayılmış xiyar konservləri istehsal edən zavod tikilmişdi. Bu məhsullar şəxsi təsərrüfatlardan, sahibkarlardan əldə olunurdu. Burada isə ərazi altı sot yox, hektar yarım olacaq». O mənim sözümü kəsdi: «Aydındır». Kamran Bağırov sözdə guya ki bizim ideyanın tərəfdarı kimi çıxış etdi. Ancaq buna baxmayaraq, layihəni dərin quyuya saldılar.

E.A. – Deməli, Əliyev hələ sovet sistemi çərçivəsində islahatçı olub. Çünki başa düşürdü ki, əgər biz bazar iqtisadiyyatı yolunu seçməsək, bizi aclıq gözləyir. Axı digər bölgələrdən bizim respublikaya kifayət qədər ət, yağ, süd göndərilmirdi, buna görə 80-ci illərin əvvəlində o, ərzaq talonları sistemini tətbiq etməyə məcbur oldu.

R.Ə. – Moskvada o məni sorğu-suala tutanda, ona hər şey barədə məruzə edirdim. Həmin yığıncaq və Konovalov barədə də danışdım. «Heyif ki, əməyin yeni formalarını tapmağın, islahatlar keçirməyin zəruriliyini başa düşmürlər», – deyə o təəssüfləndi.

Kamran zəif, qeyri-təşəbbüskar rəhbər idi.

Heydər Əliyevin Moskvaya getməsindən heç bir ay keçməmiş mənim sürücüm, Abşerondan çıxmış sadə bir insan: «Rasim müəllim, – dedi, – Azərbaycan məhv oldu, Heydər Əliyevin Moskvaya getməsilə Azərbaycan məhv oldu». – «Sən nə danışırsan?» – deyə onun ətəyini çəkdim. – «Siz hələ mənim sözlərimi xatırlayacaqsınız». Onun sözləri düz çıxdı.

Bu özünü nədə göstərdi? Bax misal üçün, Heydər Əliyev mənə beynəlxalq dərəcəli kompleksin layihəsini yaratmağı tapşırmışdı. Orada hotellər, konfrans zalları, sərgi salonları, restoranlar, mağazalar, mini-teatr, idman kompleksi, başqa sözlə, müasir Qərb ölkələrində gördüklərimiz olmalı idi. Kompleks elə tikilməli idi ki, orada hər cür iri beynəlxalq tədbirlər keçirmək mümkün olsun. O həmin kompleksi Əl Oyunları stadionunun arxasında, dənizdə tikməyi planlaşdırırdı. Özü də tikintini AFR-dən olan mütəxəssislərin icra etməsi üçün Moskvanın razılığını almağa nail olmuşdu.

Başda nazirlər, bank müdirləri olmaqla alman inşaatçılarından ibarət 18-20 nəfərlik briqada gəldi. Bu, Heydər Əliyevin burada işlədiyi son ildə olmuşdu. O vaxta qədər isə o mənə layihəni hazırlamağı tapşırmışdı. Mən layihəni hazırladım, maket düzəltdim. Bir 30 mərtəbəli dairəvi qüllə, yanında 20 mərtəbəli və daha kiçik – 15 mərtəbəli qüllələr. Bir-biri ilə birləşən, bir-birinin qarşısında üç qüllə. Maketi bu yaxınlaradək saxlayırdım. Köçəndə onu sındırdılar, albomlar isə hələ də qalır. O vaxtlar belə şey nə Dubayda, nə də başqa bir yerdə vardı. Almanların nümayəndə heyəti ilə birgə AFR-in məşhur arxitektoru, Bonndakı Millətlər Sarayının müəllifi Karl Kintsel də gəlmişdi. Əvvəlcə iki qüllə düzəltmişdim, üçüncünü onun təklifi ilə düzəltdim. Onunla birlikdə işləməyi nəzərdə tutmuşduq. Çünki tikinti alman texnologiyası ilə aparılacaqdı və kompleksi onlar tikəcəkdilər.

Heydər müəllim layihəni bəyəndi. Düz iki aydan sonra o, Moskvaya köçdü. Maliyyə məsələsi hələ həll olunmamışdı. Maliyyələşdirmə sovet-alman münasibətləri formatında alman tərəfdən olmalı idi. Konovalov Moskvanı təmsil edirdi. Düşünmürəm ki, Moskva qadağanedici direktivlər versin. Sadəcə olaraq, qısqanclıq yaranmışdı.

E.A. – Nəyə görə qısqanırdı? Axı bu, artıq Kamran Bağırovun dövründə tikiləcəkdi, «şöhrət çələngi» də ona çatardı. Mən başa düşmürəm.

R.Ə. – Mən də çox şeyi başa düşmürdüm. Bircə onu bilirdim ki, layihənin sonrakı müzakirəsi artıq daha aşağı səviyyələrdə aparılırdı. Birinci dəfə yığıncaq Kamran Bağırovun yanında keçirildi, sonra isə almanları Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev qəbul etdi. O da mənə layihəni almanlara verməyi əmr etdi. Mənim moskvalı həmkarlarım dedilər ki, bunu etmək olmaz, çünki layihənin milyonlarla qiyməti var, o çox novator və maraqlıdır, əmin deyilik ki, onlar həmin layihəni istifadə etməyəcəklər. Buna baxmayaraq, Fuad Musayev layihəni verməyi əmr etdi. Bundan sonra hər şey sakitləşdi.

E.A. – 1982-ci ilə qədər Heydər Əliyev müasir Azərbaycan yaradır, sənayeni, kənd təsərrüfatını, sosial sahəni inkişaf etdirirdi, 1982-ci ildən sonra isə aqrar şəhərcik, beynəlxalq hava limanı, biznes mərkəzləri kimi infrastruktur layihələri haqqında düşünməyə başlamışdı. Yəni gələcəyə baxırdı. O Moskvaya gedəndən sonra belə genişmiqyaslı layihələr olmayıb?

R.Ə. – Bir dənə də layihə olmadı. Hər şey batıb getdi. Kamran bircə balıq tutmağa gedirdi. Heydər Əliyev bunu mənə Moskvada xatırlatdı. Bir dəfə mən ona respublikada hər şeyin məhv olduğunu deyib şikayətlənəndə o dedi: «Bəs sən necə səs verdin, nə tələb edirdin? Sən və Lidiya Rəsulova. Siz son damlalar oldunuz. Mən özümdən sonra tamam başqa bir adamı qoyacaqdım. Ancaq sizin təkidinizlə fikrimi dəyişdim». Mən güman edirdim ki, Kamran hündürboy, yaraşıqlı, mavi gözlü, rusdilli kadrdır, onunla işləmək asan və maraqlı olar, o hər şeyi başa düşər. Elə başqaları da Kamran Bağırovun namizədliyi üzərində dayanmışdılar. Necə deyərlər, ürəkdən istəyirdilər ki, yaxşı olsun, amma əksinə oldu.

E.A. – Çox vaxt Heydər Əliyev öz nüfuzu və hörməti hesabına Azərbaycan mədəniyyət xadimləri üçün praktiki olaraq mümkünsüzü mümkün edirdi. Memar Mikayıl Useynova Sosialist Əməyi Qəhrəmanı adının verilməsi məsələsini yada salmaq kifayətdir.

R.Ə. – Tamamilə haqlısınız... Mikayıl Useynovla bağlı bir maraqlı məsələ yadıma düşür. Bir dəfə Azərbaycan Memarlar İttifaqının sədri mərhum Mikayıl Useynov və Bakı şəhərinin baş memarı kimi mən birinci katib Heydər Əliyevə kiçik bir qeydlə müraciət etdik. SSRİ tarixində ilk dəfə Londonda «Bakının memarlığı» adlı sərgi keçirmək imkanı yaranmışdı. O bizi çağırıb sorğu-sual etdi. Biz bildirdik ki, ingilis memarları ilə şəxsi münasibətlər sayəsində belə bir imkan qazanmışıq. Brejnev ilk dəfə Bakıya gəlib «Bakı gözəl şəhərdir» deyəndən sonra buraya ingilis, amerikalı memarlar axışdılar. Qırx nəfərə qədər gəlirdilər. O vaxtadək Bakıya əcnəbiləri, ümumiyyətlə, buraxmırdılar. Bakı qapalı şəhər idi.

Onlar qədim tikililərimizi, memarlıq abidələrimizi, əsrin əvvəllərində tikilən evləri görüb heyrətə gəldilər. İngilis memarlarından ibarət qrup İttifaq rəhbərliyinə müraciət edəndə, Useynov da məni dəvət etdi. Çünki o, Memarlar İttifaqının sədri olsa da, maliyyə mənbəyi yox idi.

Heydər Əliyev bizi qəbul edib bunun çox yaxşı, vacib bir iş olduğunu söylədi. Hər cür kömək göstərəcəyini vəd etdi. O, məktubumuzun üstünə Kamran Bağırov, Həsən Seyidov, maliyyə naziri, Elmlər Akademiyasının prezidenti, mədəniyyət nazirinin adına dərkənar qoydu. Orada qeyd olunmuşdu: «Hər cür köməklik göstərilsin».

Bunun əsasında biz məktublaşmağa başladıq. Oriyental memarlıqla məşğul olan Robert Çensner gəldi və Bakıya heyran oldu. Yadımdadır ki, İçərişəhərdən qədim Azərbaycan xalçalarından parçalar aldı. Onun Pikadillidə dördmərtəbəli evi vardı. Mən orada olmuşdum. O, xalça parçalarını şüşə çərçivənin altına salıb divardan asmışdı. Sərgi 1985-ci ilə nəzərdə tutulmuşdu. Biz onu iki ilə hazırladıq – maketlər, köhnə planşetlər, arxiv materialları. Memarlarımızın köhnə və yeni işlərini bərpa etdik, Useynovun bütün əsərlərinin şəklini çəkdik. Böyük bir material topladıq. Sərgi Londonun mərkəzində Britaniya Kral Memarlar Cəmiyyətinin «Haynts» qalereyasında nümayiş etdirilməli idi. İngiltərəyə məlumat verdik ki, bizdə hər şey hazırdır. Onlar isə cavab verdilər ki, sizi qəbul etməyə hazırıq. Kamran Məmmədoviçə müraciət etdik ki, bizə köməklik göstərmək barədə sizə tapşırıq verilib, bu barədə sənəd də var. Ekspozisiyanı Moskvaya, oradan da Londona çatdırmaq lazımdır. O, MK Katibliyinin iclasını açır (nə məni, nə də Useynovu oraya dəvət etmişdilər) və deyir: «Mən başa düşmürəm, Rasim kimdir, nə istəyir? Onun başına iş qəhətdir?»

Nəticədə mənə bildirirlər: vəssalam, məsələ bitdi. Biz Londona xəbər verdik. Həmin vaxt Qorbaçovun İngiltərəyə səfəri gözlənilirdi. Oradan bizi «atəşə tuturlar»: siz nə edirsiniz, niyə ləngiyirsiniz, nə üçün materialı göndərmirsiniz? Biz bir də MK-ya müraciət etdik. Ağzımızdan vurdular: «Bu Rasim «İntelicens servis»in agentidir, nədir? O nə istəyir?» Özü də bunu orta məktəbdə mənimlə paralel sinifdə oxuyan Kamran deyirdi. Biz yoldaş, dost idik. Birdən-birə o, əlçatmaz, ünyetməz olmuşdu. Qısası, Qorbaçovun səfərinə qədər çatdıra bilmədik. Bizi Moskvadan da «atəşə tutmağa» başladılar – SSOD-dan (SSOD – Xarici Ölkələrlə Sovet Dostluq Cəmiyyətlərinin İttifaqı – E.A.), XİN-dən. Mən isə deyə bilmirəm ki, birinci katib icazə vermir.

1985-ci il gəldi. Yenidən telefonlar aləmi dağıdır, mən isə heç bir cavab verə bilmirəm. Mikayıl Useynov arıqlayıb, sifəti çəkilmişdi, mən də həmçinin. Yadımdadır ki, İsay Rubençik onun layihələrinin gözəl fotolarını çəkmişdi. Onları saxlamağa yer tapmırdıq. Odur ki fotoları Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin yeni binasında sərgilədik.

Qəflətən mənə Kamran Bağırovun referenti Sahib Ələkbərov zəng vurdu: «Sizinlə Kamran Mamedoviç danışacaq».

Bu, 1985-ci il martın sonunda olmuşdu.

– Bura bax, Rasim, sən niyə buradasan?

– Harada olmalıyam ki?

– Sən çoxdan Londonda olmalıydın. Burada nə eləyirsən? Ləngimə, qocanı da götür, çünki o sənsiz orada heç bir şey eləyə bilməz, günü sabah Moskvaya uçun.

Buna qədər isə mənə Sov.İKP MK katibi Boris Nikolayeviç Ponomaryovun köməkçisi zəng vurmuşdu. O, xarici əlaqələrə hamilik edirdi. Ona ləngiməyimizin səbəbini izah etdim. Dedim ki, bu bizim səlahiyyətlərimizə aid deyil, xaricə səfər üçün icazəni Mərkəzi Komitədən alırıq.

Qısası, biz öz qüvvəmizlə buradan materialları göndərib, arxasınca da özümüz getdik. Bu, aprelin 2-də olmuşdu. Mən sərginin təşkili üçün çoxlu başqa şeylər də göndərdim. Yüküm çox böyük idi. Moskvada Heydər Əliyeviçə zəng vurdum. O dedi ki, yanına gəlim. Getdim. Məlum oldu ki, Zərifə Əzizovna ağır xəstədir. Mən sərgi ilə bağlı vəziyyətdən, «yuxarıların» badalağından danışdım. O, başını yelləyib «Ay-yay-yay» dedi.

«Başa düşürsünüzmü, Heydər Əliyeviç, bu sərginin əhəmiyyəti...»

«Sən mənə sərginin əhəmiyyətindən danışırsan? Sən heç özün başa düşürsən, bu nə deməkdir?»

Ayın 11-nə Londona təyyarə biletimiz vardı. Ancaq mən qərara gəldim ki, özüm uçmayım, Mikayıl Useynovu tək yola salım. Dedim ki, mənə mühüm iş tapşırıblar, iki günlük ləngiyəcəyəm. Yeri düşmüşkən, aprelin 18-də onun 80 yaşı tamam olurdu.

Mən ona əsl səbəbi demədim, çünki onun Zərifə Əzizovnaya və Heydər Əliyeviçə necə kövrək hisslər bəslədiyini bilirdim. Əmin idim ki, Zərifə xanımın xəstə olduğunu desəm, o, Londona uçmayacaq. Tapşırıq isə dövlət əhəmiyyətli idi.

Bir sözlə, onu yola salıb evə gəldim. Heydər Əliyeviç mənim qərarımdan xəbər tutub soruşdu: «Sən niyə belə elədin?» Cavab verdim ki, Zərifə xanımın xəstə olduğunu bilə-bilə necə uça bilərdim?

O mənimlə razılaşdı.

Aprelin 15-də Zərifə xanım vəfat etdi. Sonra matəm tədbiri, dəfn mərasimi...

Həmin günlərə aid bir hadisə də danışım. Mikayıl Useynovun 80 illiyi ilə bağlı Heydər Əliyeviç bu ərəfədə onun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi barədə məsələ qaldırmışdı. Yadımdadır, o mənə danışırdı ki, «mən bunu Useynovun 70 illiyində, sonra 75 illiyində eləməyə çalışdım. Ancaq nail ola bilmədim. Səbəbi isə odur ki, o, partiyanın üzvü deyil, rus deyil, indiyədək heç bir sovet memarı Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzuna layiq görülməyib. Necə ola bilər ki, ilk dəfə bu ulduz moskvalıya yox, rusa yox, müsəlmana, azərbaycanlıya, üstəlik də, partiya üzvü olmayana verilsin?». Bunun əvəzinə ona «Oktyabr İnqilabı» ordeni vermək istəyirdilər. Mənim Sov.İKP MK-da yaxın dostlarım vardı – memarlara kuratorluq edən Oleq Koşkin, başqaları. Bu dövrdə hər dəfə axşamlar Memarlar Evində bir fincan qəhvə içməyə yığışardıq və uşaqlar işlərin necə getdiyindən danışardı. Ona görə də mən çox həyəcan keçirirdim. Heydər Əliyevsə inadla istəyinə çatmağa çalışırdı.

Zərifə xanımın dəfnindən sonra, ayın 17-də o məni bağ evindəki kabinetinə çağırdı və dedi: «Rasim, al, «Pravda» qəzetinin 18 aprel sayında fərman dərc olunub. Nəhayət ki, mən ona Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə nail oldum». – Təsəvvür edirsinizmi, o, hüznlü günlərdə də istəyinə çatmaq üçün mübarizə aparıb. Bunları sizə danışa-danışa qəhər məni boğur... – «Səhər səni hava limanına aparacaqlar. Təyyarəyə min. Mikayıl müəllim yaşlı adamdır, sənsiz ona çətin olar».

Sərgi isə ayın 12-də açılmışdı. Oraya hamı gəlirdi, o cümlədən Marqaret Tetçer də. Sərgi haqqında yüksək fikirlər söyləyirdilər. Oraya Qərbi Avropanın hər yerindən, Amerikadan memarlar gəlmişdi. Bir çox Britaniya qəzetləri və arxitektura jurnalları sərgi barədə tərifli məqalələr dərc etmişdi. Həmin nəşrlərdən ibarət bir qutunu Bakıya gətirmişdim.

Sərgi 2 aydan çox çəkdi. Ancaq biz orada cəmi 10-12 gün olduq.

Hə, deməli, mən Londona uçdum. Mikayıl müəllim mənə və özünə Şekspir teatrına bilet almışlı. Ona bildirdim ki, Şekspir teatrı təxirə salınır. «Nə üçün?» – «Çünki sizin ad gününüzdür». Yubileyi rəssamlar klubunda (onun necə adlandığı yadımda deyil) qeyd elədik. «Axşam yeyib-içmək olacaq» – dedim. Axşam həmin klubda stol açıb, britaniyalı həmkarlarımızı, o cümlədən İngiltərədə yaşayan həmyerlimiz professor Gəncəvini həyat yoldaşı ilə dəvət etdik. Bu, yeganə ingiltərəli-azərbaycanlı cütlük idi. Onlar əslən Gəncədən idilər, sonra İrana, oradan isə İngiltərəyə köçmüşdülər.

Stolların üstündə güllər, paxlava, şəkərbura, Azərbaycan şərabı, konyak düzülmüşdü. Onların hamısını mən özümlə Bakıdan gətirmişdim. Dəvət olunanlar 40 nəfər olardı. Ancaq bizdən başqa orada klubun digər üzvləri də vardı, axı bu, qapalı klub idi. Onlar da bizə qoşuldular. Bu vaxt klubun sədri M.Useynova Kral Memarlar Cəmiyyətinin fəxri üzvü adının verilməsi barədə kraliçanın fərmanını oxudu. Sonra isə mən ayağa qalxıb SSRİ Ali Soveti Rəyasət Heyətinin Mikayıl Useynova Sosialist Əməyi Qəhrəmanı adı verməsi barədə fərmanını oxudum. Siz onun halını görəydiniz!

Səhərə qədər oturduq, heç kim getmək istəmirdi. Klubdakıların hamısı bizə qoşuldu. Londonda belə gözəl bir yubiley keçirdik. Nə mən, nə də Useynov bunu heç vaxt yadımızdan çıxarmadıq.

1992-ci ildə o vəfat etdi. Əslində, onu Memarlar İttifaqından olan öz işçiləri infarkt həddinə çatdırdılar. Onun iş verdiyi, çörək verdiyi, elmlər doktoru diplomları verdiyi bu adamlar «cəbhəçilər»in dövründə onun haqqında böhtan dolu hər cür iyrənc məqalələr yazırdılar, onun birinci müavini isə bütün bunları ona oxuyub, o, evə gedib və onu infarkt vurub.

E.A. – Bu hadisə mənə Mirzə İbrahimovla bağlı bir əhvalatı xatırlatdı: bəzi xuliqanlar onu Yazıçılar Birliyinin binası qarşısında təhqir etmiş, az qala döymüşdülər. O dövrdə sizin ailəniz də haqsız təzyiqlərə məruz qalırdı, Moskva mediasında və respublika mətbuatında Heydər Əliyev və onun ailə üzvləri haqqında böhtan xarakterli məqalələr çıxırdı ...

R.Ə. – Atam hələ sağ idi. Təbii ki, o da repressiyaya məruz qaldı. Nəinki məni, nəinki atamı – hamımızı işdən çıxartdılar, hətta İncəsənət İnstitutunun aspiranturasında oxuyan oğlum Comərdi də. Bu gün mənimlə ikiəlli görüşən həmkarlarım tələb edirdilər ki, oğlum ərizəsini yazıb getsin. Hazırda sağ olan «xadim»lərdən biri bizim gəlini – oğlumun həyat yoldaşını çağırıb deyib: «Bilirsiniz, sizin soyadınız münasib deyil. Ərizənizi yazıb gedin».

Bütün bu məsələlərə görə hiddətlənmiş atam dedi ki, Moskvaya yazmaq lazımdır. Cəlal Əliyeviç atamın yanına gəlirdi, məlum oldu ki, o və mərhum arvadı da Moskvaya etiraz məktubu yazıblar. Ancaq atam artıq ağır xəstə idi, əli qələm tutmurdu, mənə diktə etməyə başladı, mən də yazdım. Sov.İKP MK-ya, SSRİ Nazirlər Sovetinə, Ali Sovetin, şəxsən Qorbaçova, Rıjkova, Qromıkoya, «Pravda», «Krasnaya Zvezda» qəzetlərinə, SSRİ DTK-ya yazırdıq. Atam yazırdı: «Mən qardaşımla fəxr etmişəm və fəxr edəcəyəm, çünki o, həmişə dövlətə sadiq olub və bilirəm ki, o öz xalqına çox xeyir gətirə bilər və belə də olacaq»! Biz onun təmiz adını qorumaq üçün mübarizə aparırdıq.

1990-cı ildə Heydər Əliyeviç Bakıya gələndə mən onu hava limanında qarşıladım. Bakıda Cəlal əmimin evində qalırdı. Ertəsi gün mən atamın yanına gəldim. Telefon zəngi çalınır. Dəstəyi götürürəm və mənə deyirlər: «Qorbaçovun adından zəng etmişik. Heydər Əliyeviç sizdədir»? – «Xeyr». – «O haradadır»? – «Bilmirəm». – «Necə yəni, bu, Heydər Əliyevin qardaşının mənzili deyil»? – «Bu, Heydər Əliyevin böyük qardaşı Həsən Əliyeviç Əliyevin mənzilidir». – «Və siz Heydər Əliyevin harada olduğunu bilmirsiniz»? – «Bilmirəm». – «Bəs siz kimsiniz»? – «Mən Həsən Əliyeviçin oğluyam». Dəstəyi asdılar.

Dərhal getdim və bu barədə Heydər Əliyeviçə məlumat verdim. O, qaşqabaqlı halda mənə baxdı və dedi ki, hər şeyi düzgün etmisən.

Sonra, Naxçıvana köçüb gedəndə orada onun yanına getməyə başladım. Əvvəlcə bacısıgildə, həyətdəki əlavə tikilidə qalırdı. Sonra Vasif Talıbovun evinə köçdü. Bir dəfə gecəni onlarla birlikdə keçirdim, o vaxt ondan soruşdum: «Heydər Əliyeviç, axı burada qonaq evi var, sizin vaxtınızda tikilib. Niyə orada yaşamırsınız?» «Yox, – dedi, – orada «cəbhəçilər» məskunlaşıblar, mənim o evdə heç bir işim yoxdur». Heydər Əliyev həmin qonaq evinə köçmədi. Sona qədər Vasif Talıbovun evində yaşadı.

Mən onun yanına gələndə təklif etdi: «Burada qal». Otaqların birində mən, Vasif və ailəsi qalırdı, o biri otaqda Heydər Əliyeviç. Su yox idi. Heydər Əliyeviç isə tez-tez yuyunmağa adət etmişdi, Vasifin həyat yoldaşı çaydandan su tökür, Heydər Əliyeviç əl-üzünü yuyurdu. İşıq yoxdur. O, lampa işığında oturur. Axşam yeməyini çox gec yeyirdilər, çünki o gəlməmiş heç kim yatmırdı. Bir müddət işıq verilirdi, onda televizoru qoşurduq. Yadımdadır, bir dəfə Moskvadan Tarapunka və Ştepselin konsertini göstərirdilər (məşhur sovet yumoristləri – E.A.). Bizim «xadimlər» yadıma düşdü və dedim: «Onlar eynilə Tarapunka və Ştepsel kimidirlər». Heydər Əliyeviç ürəkdən güldü.

Azerbaycan

E.A. – Siz onu Naxçıvanda görəndə vəziyyəti necə idi?

R.Ə. – Görkəmi sağlam, özü gümrah idi, Moskvadakı vəziyyəti ilə müqayisədə artıq möhkəmlənmişdi. Görünür, ya Naxçıvanın iqlimi ona yaxşı təsir edirdi, ya da Naxçıvan sakinlərindən gördüyü qonaqpərvərlik və səmimiyyət.

Ertəsi gün saat ikidə Vasif mənə zəng vurub dedi ki, Heydər Əliyeviç səni çağırır. Dərhal onun yanına gəldim.

– Yaxşı, yatıb doydunmu? – soruşdu.
– Bəli, – deyirəm, – yatıb doydum.
– Yaxşı, söylə görüm, nə xəbərlə gəlmisən?

Elə-belə, onu görməyə gəldiyimi dedim. Valideynlərimi soruşdu. Dedim ki, hər ikisi hələ sağdır, amma ağır xəstədirlər. Hər şey haqqında danışdım, dedim ki, 1988-ci ildən bəri məni bütün işlərdən kənarlaşdırıblar, mən də dolanmaq üçün atamın avtomobilini, eləcə də öz peşəm üzrə 17-18 işimi satmışam.

Bakıda vəziyyətin necə olması ilə çox maraqlanırdı. Amma onu maraqlandıran məsələlərə elə toxunmağı bacarırdı ki, həmsöhbəti özü bu barədə danışmağa başlayırdı. Sonralar onun yanına gələndə mən özüm şəhərdə nələr baş verdiyini söyləyirdim, deyirdim ki, xalq coşub, onun hakimiyyətə gəlməsini tələb edir. O mənim sözlərimi sükutla qarşılayırdı.

Onun 70 illik yubileyi ərəfəsində yaxın adamlarımıza zəng vurub, deyirəm: «Heydər Əliyeviçin 70 illiyi yaxınlaşır. Gəlin onun yanına gedək. Bilet məsələsi mənlikdir». Mənə deyirlər: «Sən Cəlal Əliyeviçlə danış». Cəlal müəllimə zəng vurdum, məsələni danışdım. «İstəyirsən, sən get», – dedi. Bunu Rafiq Xələfova, Aqil Əliyeviçə dedim. Onlar məndən bilet məsələsini təşkil etməyimi, bir də hədiyyələr haqqında fikirləşməyimi xahiş etdilər. Mən ona atamın qızıl saatını bağışladım.

Biz üçümüz təyyarə ilə gəldik və gördük ki, artıq hamı ordadır: Kamil Əliyev də, Cəlal müəllim də. Ertəsi gün yubiley idi, amma Heydər Əliyev onu qeyd etmək niyyətində deyildi. Orda bir qadın vardı, Ali Sovetin sədrinin müavini, adını unutmuşam. O hər şeyi təşkil etdi, süfrə açdı. Hamımız Heydər Əliyevin kabinetində toplaşdıq, ancaq həmin qadın gəlib dedi ki, insanlar yubiley keçirilməsini tələb edirlər. «Hər yerdən adamlar gəlib! – deyirdi. – Heydər Əliyevin yubileyinin qeyd olunmasını tələb edirlər»! Heydər Əliyev razılaşmaq istəmirdi: «Qulaq as, – deyirdi, – mən heç vaxt doğum günümü qeyd etməmişəm».

Türklər də gəldilər. Yüz nəfərdən çox toplaşdı. Hər şey gözəl oldu.

E.A. – Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə gəlişindən sonra siz memar kimi fəaliyyətinizi davam etdirmisiniz, Hüseyn Cavidin məqbərəsi, Ankarada Azərbaycan Səfirliyinin binası, Naxçıvan Beynəlxalq Hava Limanı kimi gözəl layihələrin müəllifi olmusunuz ...

R.Ə. – Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin maraqlı tarixçəsi var. Mən bilirdim ki, məqbərənin layihəsinin hazırlanması ilə bağlı Heydər Əliyevin göstərişi var. Ancaq mənə heç kim müraciət etməmişdi, heç kim heç bir tapşırıq verməmişdi. Lakin Memarlar İttifaqı, Mədəniyyət Nazirliyi tərəfindən təxminən il yarımdır ki, hansısa işlərin görülməsindən xəbərim vardı.

Birdən mənə zəng edirlər ki, bəs prezident sabah saat on birdə aparatda Hüseyn Cavidin məqbərəsi layihələrinin baxışına dəvət edir. Mən vaxtından qabaq gəlirəm, bütün layihələr düzülüb, olardı təxminən 12-15 iş. Hələ heç kim yox idi. Mən bütün layihələri gözdən keçirib fikirləşdim: «Heydər Əliyev gəlib öz fikrini deyər». Zalda böyük stol vardı, divar boyu layihələr düzülmüşdü, stolların üstündə isə dəvət olunanların – təxminən 20 nəfərin adı göstərilmişdi. Öz yerimdə otururam. Yavaş-yavaş adamlar yığılır, Heydər Əliyev gəlir və dərhal layihələri gözdən keçirməyə başlayır. Təbii ki, biz də ayağa qalxırıq, onun ardınca gəzib baxırıq. Layihələrin heç biri onu qane etmədi. «Yaxşı, – dedi, – fikirləşib nə etmək lazım olduğunu deyərik».

Mən qaldım və prezidentin köməkçisinə dedim: «Qulaq as, Tariyel, hiss elədim ki, layihələrdən heç biri onun xoşuna gəlmədi. Əgər o, lazım bilirsə, mən də öz variantımı düzəldim, qoy baxsın». O dedi: «Siz əyləşin, mən ona məruzə edim». O, içəri keçdi və məruzə etdi. Bir-iki dəqiqədən sonra biz Tariyellə yenidən onun otağına girdik. O dedi: «Yaxşı, layihə hazırla. Ancaq bilirsən, bu Hüseyn Caviddir. Layiqli olmalıdır, amma nəhəngliyə uymaq lazım deyil. Bu, Nizami, Füzuli deyil, öz dövrümüzdür, XX əsrdir, o isə aparıcı dramaturq, mütəfəkkir, patriotdur. Vəzifəni başa düşdün?».

O, bir növ mənə layihənin miqyasını müəyyənləşdirdi. «Sənə üç gün vaxt verirəm». – «Üç günə çatdıra bilmərəm. Heç omasa on gün verin». Bir həftəyə razılaşdıq. «Bir həftədən sonra elə burada baxacağıq».

Axı mən heç bir yerdə işləmirdim, lazım olan materiallarım yox idi. Planşet tapıb işə girişdim. Ömər Eldarovu çağırdım, ümumi ideyanı başa saldım. Məzar aşağıda olacaq, yuxarıda şüşə çərçivə, üst qatdakı boşluqda isə istəyirəm, Hüseyn Cavidin büstü yerləşsin. Düşünürəm ki, büstün üzərində sən işləməlisən. Sənə on gün vaxt, mənə isə bir həftə.

Birinci variantı mən üç günə hazırladım. Çox xoşuma gəldi. Ömər də baxdı, dedi ki, sən kiçik, lakin çox güclü bir variant düzəltmisən. Amma o, obraza uyğun gəlmir. Burada poeziya, romantika yox idi, ölçülərinin kiçik olmasına baxmayaraq, məqbərə soyuq və əzəmətli alınmışdı. Mən bu variantı bir kənara qoyub dərhal ikinci variant üzərində işə başladım. Qurtarandan sonra Ömər Eldarova zəng vurub çağırdım. Ömər gəldi, baxdı və dedi: «Bu çox yaxşıdır». Mən Naxçıvan memarlıq məktəbinin üslubunda vertikal kompozisiya qurmuşdum.

Təyin olunmuş gün layihəni aparata apardıq. Heydər Əliyev gəldi, Həsən Həsənov da onun yanında idi. Onlar baxdılar, bəyəndilər, ancaq Həsən Həsənov dedi ki, burada pilləli tağ lazım deyil, çatma tağ olsa, daha yaxşıdır. Heydər Əliyev razılaşdı: «Çatma tağ elə». Mən çatma tağ ilə üçüncü variantı hazırladım. Gətirdim, baxdılar, bəyəndilər. Mən dərhal dedim ki, məqbərə ağ mərmərdən olmalıdır. Bütün bəzəkləri, şəbəkələri özüm fikirləşmişəm, Ömər Eldarov isə büstü hazırlayıb.

E.A. – İndi Naxçıvanın iki rəmzi var – Möminə Xatın və Hüseyn Cavid məqbərələri. Çox güman, bu sizin ən yaxşı işlərinizdən biridir.

R.Ə. – Naxçıvan üçün Heydər Əliyev muzeyinin layihəsini də mən hazırlamışam.

E.A. – Xatirinizdədirmi, prezident Ankarada idi, Azərbaycanın Türkiyədəki səfirliyinin təməlqoyma mərasimi keçiriləndə aşkar görünürdü ki, səfirliyin layihəsi Heydər Əliyevin xoşuna gəlməyib. Sonra sizə zəng vurub dedilər ki, Ankaraya uçmalısınız, orada İhsan Doğramacı ilə görüşdünüz.

R.Ə. – İhsan bəy eynən belə dedi: «Prezident bu layihəyə baxdı, ancaq burada Azərbaycan memarlıq məktəbinin ab-havasının hiss olunmadığını söylədi. Sizi dəvət etdik ki, bir məsləhət verəsiniz».

Səhər onların layihə təşkilatına getdim. Əvvəlcə türklər mənimlə bir qədər təkəbbürlü davranır, məni sıradan bir sovet memarı hesab edirdilər. Fasilə vaxtı onlar nahar edir, sonra çay, qəhvə içirdilər. Mən isə fasiləsiz işləyirdim. Buterbrod alırdım, emalatxanaya mənim üçün bir stəkan çay gətirmələrini xahiş edirdim. Əvvəlcə gənc memarlardan biri hərdən mənə yaxınlaşır, nə etməyimə maraqla baxırdı. Mən ilk növbədə əraziyə getdim, yerə baxdım. Ərazi, mənim fikrimcə, pis idi. Yalnız Azərbaycan səfirliyi üçün deyil, digər səfirliklər üçün nəzərdə tutulan ərazilər də ensiz, uzun, yöndəmsiz idi.

E.A. – Yadımdadır, biz hiddətlənirdik: Azərbaycan türklərə paytaxtın lap mərkəzində, onlarsa bizə ucqarda yer ayırıblar.

R.Ə. – Mən bunu səfirə dedim, o isə cavab verdi ki, heç nə edə bilməz. Amma mən bir həll yolu tapdım. Bir həftə sonra həmin büronun işçiləri mənim masamın ətrafında toplaşmağa başladılar. Sonra mənə yemək gətirməyə, «xoca» deyə müraciət etməyə başladılar, əlimi öpdülər. Sonra onların baş memarı, ilk layihənin müəllifi mənə yaxınlaşdı. Baxdı, başa düşdü ki, qarşısındakı adam peşəkardır. Nəticədə, səfirliyin binası mənim layihəm əsasında inşa edildi. Düzdür, onların variantından bəzi elementləri saxladım, ancaq həm xarici, həm də daxili görkəm baxımından, layihəni tamamilə dəyişdirdim. Onlar buna görə əsla qısqanclıq göstərmədilər.

Ankaradakı səfirliyin açılışını Heydər Əliyeviç etdi. Binaya çox yüksək qiymət verildi. O vaxt Türkiyənin Prezidenti Necdət Sezər idi, məni ona təqdim etdikləri zaman Heydər Əliyeviç dedi: «Bu mənim böyük qardaşımın oğludur». Bu cür təqdim olunduğuma görə çox məmnun oldum.

İhsan Doğramacı və oğlu mənə Ankarada qalmağı və Bilkent Universitetində şəhərsalma fakültəsi yaratmağı təklif etdilər. Amma mən qala bilmədim, çünki işim vardı. Bundan əlavə, onlar hansısa polyaka və ya fransıza çox böyük məbləğ ödəyirdilər, mənə isə bu məbləğin 1/6 hissəsini təklif edirdilər. Bu məni qane etmirdi. Mən həmin polyakların, fransızların işlərini görmüşdüm, onlar nəcib sənətlər kafedrasında işləyirdilər.

Bundan sonra Naxçıvan hava limanının inşası üçün sifariş aldım. Türklər orada da zəif bir layihə həyata keçirmişdilər. Məni çağırıb dedilər ki, Heydər Əliyeviçin göstərişinə əsasən, mən Naxçıvana getməli və orada öz layihəmi həyata keçirməliyəm. Təəssüf ki, hava limanının açılışı Heydər Əliyeviçin vəfatından sonra oldu...

E.A. ‒ Çox sağ olun, əziz Rasim müəllim, Ümummilli Liderimiz haqqında dəyərli xatirələrinizə görə sizə təşəkkür edirəm.

R.Ə. – Siz də sağ olun ki, məni dilləndirə bildiniz, axı söylədiklərimin çoxunu ilk dəfə sizə danışdım.

Bakı. 2010

Chosen
28
1
kulis.az

2Sources