EN

Qızım məni bu vəziyyətdə çəkməyə başladı, əlindən telefonu götürüb, yerə çırpdım

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bakının Nizami rayonunda ər-arvadın dalaşması cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 4-də baş verib. Qəbələ rayon sakini, 1980-ci il təvəllüdlü Qoşqar həmin gün saat 22:30-da keçmiş arvadı Mədinə (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə mübahisə ediblər. Bu zaman o, arvadının əli ilə baş, təpiklə ayaq nahiyələrindən vurub. İş üzrə izahat verən Qoşqar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Mədinə ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub:“Bu nikahdan Ramilə və Ləman adlı iki qızımız anadan olub. Aramızda dəfələrlə mübahisə olduğuna görə 2021-ci ildə Mədinə ilə rəsmi olaraq boşandıq. Nikah dövründə yaşadığımız evin birinci mərtəbəsində keçmiş arvadım və qızlarım, ikinci mərtəbəsində isə anam Ruhiyyə və mən yaşamışıq”. Qoşqar deyib ki, ötən ilin oktyabrın 3-də qardaşı Arzuman onun yaşadığı evə gəlib və gecə onlarda qalıb:“Oktyabrın 4-də işə gedən zaman Mədinə ikinci mərtəbəyə qalxaraq bizim ayaq səslərimizdən yata bilmədiyini bildirdi. Mən Mədinəyə heç bir cavab vermədən işə getdim. Həmin gün saat 22:30-da işdən evə qayıtdıqdan sonra Mədinəyə qardaşımın gəlməsi ilə bağlı narazılıq bildirdiyinə görə irad tutdum. Bu zaman Mədinə mənim anamın ünvanına nalayiq ifadələr işlətdi. Mədinənin işlətdiyi nalayiq ifadələrə görə əlim ilə onun sifət və dodaq nahiyələrindən vurdum. Bundan sonra qızım Ramilənin repetitor yanından gəldiyi üçün qarşılamağa getdim. Evə gəldikdən sonra Mədinə qızıma mənimlə mübahisə etdiyimizi dedi. Biz yenidən mübahisəyə başladıq. Bu zaman qızım Ramilə telefonu ilə bizi çəkməyə başladı. Qızıma məni çəkməməyini, əgər çəkirdisə hamısını çəkməyini bildirdim. Qızım yenə də çəkməyə davam etdiyinə görə telefonu onun əlindən alaraq yerə atdım, telefon sınmadı”. İş üzrə zərərçəkmiş ifadəsində göstərib ki, ailə qurduqdan qısamüddət sonra keçmiş əri Qoşqarın atası Telman, anası Ruhiyyə və qardaşı Arzuman daima ona qarşı şiddət göstəriblər:“Hətta 2021-ci ilin iyun ayında rəsmi olaraq boşandıqdan sonra da keçmiş ərim, anası və qardaşı mütəmadi olaraq “bizim evdə yaşayırsan” deyərək mənə və uşağıma şiddət göstəriblər. 2025-ci ilin oktyabr ayında onlar mənə və 16 yaşlı qızım Ramiləyə şiddət göstərdiklərinə görə polisə müraciət etmişəm. Uzun müddətdir ki, keçmiş ərimin mənə göstərdiyi şiddət nəticəsində aldığım xəsarətlərə görə səhhətimdə çox ciddi problemlər, güclü baş ağrıları, əsəb-sinir sistemində narahatlıqlar yaranıb. Həmçinin bədənimə vurduğu zərbələrdən yaranan ciddi problemlərə görə ev şəraitində müalicə alıram və həkim nəzarətindəyəm. Səhhətimdə yaranmış problemlərlə bağlı aldığım müalicələrə görə keçmiş ərimin mənə təzminat ödəməsini xahiş etmişəm. Mən heç bir yerdə işləmirəm, maddi gəlirim yoxdur, himayəmdə azyaşlı uşağım var”. Zərərçəkmiş deyib ki, Qoşqar 16 yaşlı qızının mobil telefonunu sındırıb: “Qızım 11-ci sinif şagirdidir, həmin telefon qızıma lazım idi. Qızım telefon vasitəsi ilə onlayn dərslərə qoşulurdu. Boşandığımız gündən 2025-ci ilin noyabr ayına kimi keçmiş ərim məhkəmənin təyin etdiyi hər uşağa görə 175 manat, cəmi 350 manat alimentdən heç nə ödəməyib. Həmin ilin noyabr ayından icra məmurunun təkidi ilə alimenti ödəməyə başlayıb. Keçmiş ərimi bağışlamıram. Lakin qızlarımın gələcəyini nəzərə alaraq şikayətimi geri çəkmişəm. Təqsirləndirilən şəxsin ailəsinin bizdən uzaqlaşdırılması barədə qərar qəbul edilməsini istəyirəm”.Zərərçəkmiş qeyd edib ki, həmçinin keçmiş əri Qoşqar qızları Ramiləni oxutmaq istəmir və dəfələrlə təkid edib ki, repetitor yanına getməsin, ümumiyyətlə ali təhsil almasın. Onun sözlərinə görə, onlar həmçinin bu mübahisələrə görə rəsmi şəkildə münaqişəli ailə kimi qeydiyyata alınıblar.Zərərçəkmiş ifadəsində hadisənin baş vermə anını ifadəsində belə izah edib: “Oktyabrın 4-də, saat 22:30-da yaşadığımız evdə yenidən mübahisəmiz yarandı. Qoşqar bildirdi ki, mən evdən çıxmalıyam. Mən isə ona dedim ki, evdən çıxmayacam. Daha sonra keçmiş ərim evi dağıtmağa başladı, əli ilə sifətimdən, başımdan, qulağımdan, təpiklə isə ayaqlarımdan vuraraq mənə xəsarət yetirdi. Qoşqar mənə xəsarət yetirdikdən sonra böyük qızım Ramilənin repetitor yanından qayıtdığı üçün qarşıladı və birlikdə yenidən evə gəldilər. Qızım evin dağınıq olduğunu gördü və evdə nə baş verdiyini soruşdu. Mən də cavab olaraq bildirdim ki, atası məni döyüb. Keçmiş ərim bu sözümdən qıcıqlanaraq yenidən üzərimə gəldi. Daha sonra qızım telefonu ilə Qoşqarın mənə xəsarət yetirməsini çəkməyə başladı. Bu zaman keçmiş ərim qəzəbləndi, qızımı itələyərək yerə yıxdı və nəticədə qızımda xəsarət aldı”. Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında

mülki iddia verə bilmək hüququ izah edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
demokrat.az

1Sources