EN

Azərbaycan WUF13-də: şəhərsalma düşüncəsini yenidən yazan ölkə

Dünya hər iki ildən bir böyük şəhərsalma suallarının cavabını arayır. Bu dəfə cavab Bakıdan gəlir.

2026-cı ilin may ayında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 — Bakıda açılır. Mövzu ciddidir: dünya üzrə 1,1 milyard insan gecəqondularda yaşayır, 300 milyondan çoxu isə evsizdir. Belə bir müzakirə üçün ev sahibi seçmək təsadüfə buraxılmır. BMT Azərbaycanı seçdi. Bu seçim özlüyündə bir mesajdır.

Azərbaycan bu foruma boş əllə gəlmir. Ölkənin önündə — açıq nümayiş etdirə biləcəyi, dünya şəhərsalma mütəxəssisləri arasında nadir sayılan bir nailiyyət dayanır: viran qalmış, onilliklər boyunca işğal altında saxlanılmış şəhərlərin sıfırdan, müasir prinsiplər əsasında yenidən qurulması. Ağdam, Zəngilan, Şuşa, Xankəndi — bu adlar artıq xarabalıq deyil, aktiv quruculuq meydanlarıdır. Urbanistika elminin "postmünaqişə şəhərsalması" adlandırdığı bu sahə dünyada ən mürəkkəb, ən çox diqqət tələb edən sahələrdən biridir. Çünki burada texniki normaların yanında sosial yaddaş, mədəni kimlik, insan ləyaqəti — hamısı birdən tikintinin içinə hopmalıdır. Azərbaycan bunu edir.

WUF13-ün bu dövrdə Bakıda keçirilməsi bir başqa səbəbdən də simvolikdir: cəmi iki il əvvəl, 2024-cü ilin noyabrında, həmin şəhər 196 dövlətdən 72 min nümayəndəni — o cümlədən 80 ölkənin liderini — COP29-a qəbul etdi. İqlim və şəhərsalma iki ayrı mövzu kimi görünə bilər. Lakin analitik baxışdan bu ikisi ayrılmazdır: dünyanın karbon emissiyasının yarısından çoxu şəhərlərdən qaynaqlanır, mənzil probleminin həlli isə birbaşa iqlim dayanıqlılığı ilə bağlıdır. Azərbaycan bu iki qlobal diskursun kəsişdiyi nöqtədə dayanır. Bu, təsadüf yox, dövlət səviyyəsində formalaşmış strateji mövqedir.

Daxili hazırlıq da bu strateji düşüncənin davamıdır. Prezident İlham Əliyev 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etdi. Bu, yalnız bir sloqan deyil - WUF13-ə paralel olaraq ölkə daxilində urbanistika mədəniyyətinin kütləviləşdirilməsinə yönəlmiş bir proqramdır. 2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda, 2025-ci ildə isə Xankəndidə Azərbaycan Milli Şəhərsalma Forumları keçirildi — dünya mütəxəssislərini cəlb edən, beynəlxalq praktikalarla milli təcrübəni üst-üstə qoyan platformalar. Beləliklə, WUF13 "birdən-birə meydana çıxmış bir hadisə" deyil — illərlə qurulmuş bir bünövrənin üstündə ucalan nöqtədir.

Rəqəmlər isə bu marağı başqa bir bucaqdan təsdiqləyir. Forum hələ başlamadan 150-dən çox ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib. Dünya şəhərsalma mütəxəssislərinin, hökumət nümayəndələrinin, akademiklərin, biznes liderlərin gözü Bakıya yönəlib. Tarixi baxımdan da bu forum sıradan bir toplantı deyil: ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlər Sammiti keçiriləcək — dövlət və hökumət başçıları şəhərlərin gələcəyini bilavasitə qlobal siyasət müstəvisində müzakirə edəcəklər. Azərbaycan bu tarixi anın yalnız ev sahibi deyil, iştirakçısıdır.

Bakı özü də bu diskursun içindədir. Əsrlərin qatmanlarını qoruyan İçərişəhərdən Xəzər sahilindəki müasir meydanlara qədər uzanan bu şəhər tarixlə müasirliyin bir arada mövcud ola biləcəyini hər küçəsində sübut edir. WUF13 iştirakçıları  nəzəri müzakirələrin yanında bu sübuta da canlı şahid olacaqlar.

Tural İsmayılov,
​analitik

Chosen
30
ikisahil.az

1Sources