EN

BVF-yə ən çox borcu olan ölkələr – Siyahı


Dünyada artan iqtisadi təzyiqlər və dövlət maliyyə kəsirləri fonunda bir çox ölkə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən təqdim olunan maliyyə dəstəyindən asılı vəziyyətə düşüb.
Yeniavaz.com
xəbər verir ki, “Visual Capitalist” analitiklərinin 2026-cı ilin aprel ayına olan məlumatlara əsaslanan araşdırmasına görə, BVF kreditlərinin böyük hissəsi məhdud sayda ölkə arasında cəmlənib.
Reytinqə əsasən, BVF-yə ən çox borcu olan ölkə açıq fərqlə Argentinadır. Ölkənin fond qarşısında öhdəlikləri 60 milyard dolları ötür və bu göstərici ikinci yerdə qərarlaşan Ukraynanın borcundan təxminən dörd dəfə çoxdur. Argentinanın uzun illərdir davam edən yüksək inflyasiya, milli valyutanın qeyri-sabitliyi və təkrarlanan kredit proqramları bu vəziyyətin əsas səbəbləri kimi göstərilir.
Mütəxəssislər bu vəziyyəti “BVF-dən asılılıq” kimi xarakterizə edirlər. Bu hal ölkənin daxili iqtisadi problemlərini həll etməkdə çətinlik çəkdiyi və mövcud borclarını ödəmək üçün yenidən kredit götürmək məcburiyyətində qaldığı zaman yaranır. Argentina BVF proqramlarından indiyədək 23 dəfə istifadə edib və bu göstərici ilə rekordçudur. Qana isə 17 proqramla ikinci yerdədir.
Argentinadan sonra siyahıda Ukrayna, Misir və Pakistan yer alır. Xüsusilə Ukrayna ilə bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, 2026-cı ilin aprelində əldə edilən razılaşmaya əsasən, BVF ölkənin borc ödəniş müddətini 2030-cu ilə qədər uzadıb. Bu addım müharibə şəraitində olan Ukraynaya müdafiə və infrastrukturun bərpası üçün əlavə maliyyə imkanı yaratmaq məqsədi daşıyır.
Araşdırma göstərir ki, BVF-yə borclu ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşsə də, onların ayrı-ayrılıqda borc məbləğləri nisbətən aşağıdır və adətən 1 milyard dollardan azdır. Bununla yanaşı, Surinam kimi bəzi ölkələrdə borcun ÜDM-ə nisbəti yüksəkdir. Bu isə 2020-ci ildə baş verən iqtisadi çöküş, neft gəlirlərinin azalması və valyuta devalvasiyası ilə əlaqələndirilir.
Ümumilikdə, ölkələr BVF-yə əsasən üç səbəbdən müraciət edir: idxal xərclərini ödəmək üçün vəsait çatışmazlığı, milli valyutanın kəskin dəyər itirməsi və ya büdcə kəsiri səbəbindən borcların qaytarılmasında çətinliklər.
Beynəlxalq Valyuta Fondunun (BVF) 10 ən böyük kreditor ölkəsi:
Argentina – 60,2 milyard dollar (ÜDM-yə nisbəti 8,7%);
Ukrayna – 15,5 milyard dollar (6,9%);
Misir – 10,7 milyard dollar (2,5%);
Pakistan – 10,5 milyard dollar (2,6%);
Ekvador – 10 milyard dollar (7,3%);
Fil Dişi Sahili – 5,2 milyard dollar (5,3%);
Keniya – 4,2 milyard dollar (2,9%);
Banqladeş – 4,2 milyard dollar (0,8%);
Qana – 3,9 milyard dollar (3,3%);
Anqola – 3,5 milyard dollar (2,3%).


Onu da bildirək ki, Azərbaycanın 4,81 milyard dollarlıq xarici dövlət borcunun 3,2%-i və ya 154 milyon dolları  BVF-nin payına düşüb.

Elnur Əli
Chosen
2
1
yeniavaz.com

2Sources