EN

Bakı Gəmiqayırma Zavodunun sədri: 17 gəminin tikintisi üzrə müqavilələr mövcuddur

Bakı, 4 may, AZƏRTAC

Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başladığı dövrdən etibarən gəmiqayırma sahəsində mühüm nəticələr əldə edib. Bu günədək müəssisədə ümumilikdə 14 gəmi tikinti layihəsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, bu layihələr sırasında “Xankəndi” sualtı tikinti gəmisi, dibdərinləşdirən gəmilər, müxtəlif təyinatlı yedək gəmiləri, yarımdalma qazma qurğularının pontonları və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər yer alır. Bununla yanaşı, zavodda 170-dən çox gəminin təmiri uğurla icra olunub.

İdarə Heyətinin sədri vurğulayıb ki, hazırda zavodun istehsal gücü kifayət qədər yüksəkdir.

“Müəssisənin illik istehsal potensialı 25 min ton gəmi-metal konstruksiyaların hazırlanmasına imkan verir. Bu göstərici əsasında zavod ildə 4 ədəd 15 min tonluq tanker və ya alternativ olaraq 2 ədəd 60–70 min ton yükgötürmə qabiliyyətinə malik “Caspian Max” tipli tanker istehsal edə bilər. Eyni zamanda, paralel şəkildə 4 ədəd yedək-təchizat və digər təyinatlı gəmilərin tikintisi də mümkündür”, – deyə o qeyd edib.

Ruslan Talıbov hazırda icra olunan layihələrə də toxunaraq bildirib ki, zavodun sifariş portfeli genişlənməkdədir: “Bu gün mövcud sifarişlərə əsasən, ümumilikdə 17 gəminin tikintisi üzrə müqavilələr mövcuddur. Onlardan 11-nin inşası paralel şəkildə davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir. Xüsusilə qeyd etmək istərdim ki, bu layihələr arasında 4 ədəd quru yük konteyner gəmisi beynəlxalq sifariş əsasında inşa olunur”.

Bundan başqa, müxtəlif təyinatlı gəmilərin istehsal edildiyini vurğulayan sədr bildirib ki, zavodun portfelinə Ro-Pax tipli bərələr, sərnişin gəmiləri, yanğınsöndürən və dalğıc gəmiləri, eləcə də konteyner gəmiləri daxildir.

"KTZ Express Shipping" ilə imzalanmış müqavilədən danışan Ruslan Talıbov bunu zavodun beynəlxalq fəaliyyətində mühüm mərhələ kimi qiymətləndirib.

“Bu müqavilə bizim ikinci beynəlxalq sifarişimizdir və zavodun qlobal bazarda etibarlı tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir. Müqaviləyə əsasən, 2 ədəd quru yük konteyner gəmisinin tikintisi nəzərdə tutulur. Layihəyə uyğun olaraq hər bir gəminin uzunluğu 140,97 metr, eni 16,90 metr, bort hündürlüyü isə 6,80 metr olacaq. Gəmilər dəniz şəraitində 5,56 metr, çay şəraitində isə 3,60 metr suya oturuma malik olacaq. Yükgötürmə qabiliyyəti dənizdə təxminən 9900 ton, çayda isə 5057 ton təşkil edəcək. Konteyner tutumu isə müvafiq olaraq 537 TEU və 433 TEU səviyyəsində nəzərdə tutulub. Hər bir gəmi 1600 kVt gücündə iki əsas mühərriklə təchiz ediləcək və təxminən 11 düyün sürətlə hərəkət edəcək. Həyata keçirilən layihələr zavodun yüksək texnoloji imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini nümayiş etdirir. Məqsədimiz həm yerli, həm də beynəlxalq bazarda mövqelərimizi daha da gücləndirmək və Azərbaycanı regionun aparıcı gəmiqayırma mərkəzlərindən birinə çevirməkdir”, – deyə o əlavə edib.

Müxbir - Vüqar Qurbanoğlu
Fotoqraf, operator - Namiq Abdullayev
Chosen
20
2
azertag.az

3Sources