EN

Nazir: Milli qanunvericilikdə aparılan islahat tədbirləri əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır VİDEO

Bakı, 4 may, AZƏRTAC

Əczaçılıq sənayesinin inkişafı milli səhiyyə sisteminin dayanıqlığının əsas sütunlarından biridir. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası və innovasiyaların tətbiqinin aparıcı hərəkətverici qüvvəsidir. Müstəqilliyimizin ilk illərindən əczaçılıq sənayesinin inkişafı üçün əməli addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələri qurulub. “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Əczaçılıq sənayesinin inkişafı konsepsiyası” hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir bildirib ki, hazırda ölkəmiz Prezident İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində hər sahədə inkişaf edir: "Ölkəmizin iqtisadi qüdrətinin artması maliyyə resurslarını sosial tərəqqiyə, əhalinin rifah vəziyyətinin yüksəldilməsinə yönəltməyə imkan verir. Bu tərəqqini ən bariz şəkildə ölkə səhiyyəsinin inkişafında, dövlətin əhalinin sağlamlığına diqqət və qayğısında görmək mümkündür. Güclü əczaçılıq sənayesi yalnız iqtisadi uğur deyil, həm də sağlam cəmiyyətin təməlidir. Bu illər ərzində Tarif Şurası yaradılıb, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb, yerli istehsalın təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib".

Onun sözlərinə görə, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır: "Azərbaycan ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla əməkdaşlıq müqavilələri imzalanır. İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, respublikanın müxtəlif bölgələrində yaradılan sənaye parkları ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Pirallahı Sənaye Parkında yaradılan "Diamed", "Rfarm" kimi dərman istehsalı zavodları, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş "Scandens" əczaçılıq müəssisəsi fəaliyyətlərini əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəldib. Hazırda “Gen Pharma” və “Biopharmax Afezco” əczaçılıq müəssisələrinin tikintisi aktiv şəkildə həyata keçirilir", - deyə nazir qeyd edib.

Müxbir - Günel Türksoy
Videooperator - Vüsal Tağıyev

 

Chosen
12
1
azertag.az

2Sources