EN

Avropa Parlamentinin qərarlarının Azərbaycana hüquqi təsiri yoxdur

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qərarlarla bağlı sərt mövqe sərgiləyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir hüquqi və siyasi əhəmiyyəti yoxdur. Hacıyev qeyd edib ki, Azərbaycan həmin qurum qarşısında hər hansı öhdəlik daşımır və Avropa Parlamentinin ölkə və regionlar barədə bu cür mövqe bildirmək səlahiyyəti mübahisəlidir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev də News365.az-a açıqlama verib.


O bildirib ki, Hikmət Hacıyevin açıqlaması təkcə siyasi reaksiya deyil, Azərbaycanın son illərdə formalaşdırdığı suverenlik əsaslı xarici siyasət xəttinin açıq ifadəsidir. Onun sözlərinə görə, Bakı beynəlxalq münasibətlərdə ikili standartları və siyasi təzyiq vasitəsi kimi qəbul edilən qətnamələri qəbul etmir.

Politoloq qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sənədlər əsasən siyasi xarakter daşıyır və hüquqi qüvvəyə malik deyil. Bu səbəbdən Azərbaycan onları daxili işlərə müdaxilə kimi qiymətləndirir.

Turan Rzayev vurğulayıb ki, Azərbaycanın mövqeyi təkcə emosional reaksiya deyil, uzun müddətdir davam edən sistemli yanaşmanın nəticəsidir. Xüsusilə Qarabağ məsələsinin həllindən sonra Bakı daha sərt və prinsipial mövqe ortaya qoyur.

Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, regionun gələcəyi region ölkələri tərəfindən müəyyən olunmalı, kənar siyasi təsisatların qərarları ilə yönləndirilməməlidir.

Politoloq əlavə edib ki, Avropa İttifaqı ilə münasibətlərdə enerji təhlükəsizliyi və strateji layihələr mühüm rol oynasa da, siyasi təzyiq dili ikitərəfli etimadı zəiflədir.

Sonda o bildirib ki, hazırkı mərhələdə Azərbaycanın əsas mesajı bərabərhüquqlu əməkdaşlıq və milli suverenliyə hörmət prinsipinin qorunmasıdır.

Chosen
44
news365.az

1Sources