EN

Amsterdam ət və qalıq yanacaq reklamlarını qadağan etdi

Amsterdam ət və qalıq yanacaq reklamlarını qadağan etdi

Amsterdam ət məhsulları, habelə qalıq yanacaq mənbəli mal və xidmətlərin ictimai yerlərdə reklamını qadağan edən dünyada ilk paytaxt olub.

AFN.az xəbər verir ki, mayın 1-dən etibarən şəhərdəki reklam lövhələri, tramvay dayanacaqları və metro stansiyalarından burger, benzinlə işləyən avtomobillər və təyyarə reyslərinə aid görüntülər yığışdırılıb.

Şəhərin ən gediş-gəlişli nöqtələrində əvvəllər rast gəlinən toyuq qanadları, SUV avtomobillər və aşağı büdcəli tətil reklamlarının yerini "Rijksmuseum" kimi milli muzeylərin elanları və konsert afişaları tutub. Bələdiyyə rəsmiləri bu qərarın Amsterdamın 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq və yerli əhalinin ət istehlakını yarıya endirmək hədəfləri ilə üst-üstə düşdüyünü bildiriblər.

"Yaşıl Sol" Partiyasından olan Anneke Venhoff qeyd edib ki, iqlim siyasətində liderlik etmək istəyən bir bələdiyyənin bu prinsiplərə zidd olan məhsullara reklam sahəsi icarəyə verməsi ziddiyyətli bir haldır. Heyvan Hüquqları Partiyasından Anke Bakker isə bu məhdudiyyətlərin fərdi azadlıqları qısıtlamadığını, əksinə, böyük şirkətlərin istehlak təzyiqini azaldaraq insanlara daha azad seçim imkanı yaratdığını vurğulayıb.

Verilən məlumata görə, ət reklamları Amsterdamın açıq hava reklam bazarının cəmi 0,1 faizini, qalıq yanacaqla bağlı məhsullar isə 4 faizini təşkil edirdi. Hollandiya Ət Birliyi qərarın istehlakçı davranışını yönləndirmək üçün arzuolunmaz üsul olduğunu iddia edərək, ətin vacib qida maddələri təmin etdiyini və əlçatan qalmalı olduğunu bəyan edib.

Səyahət agentlikləri və tur operatorları birliyi isə uçuşları ehtiva edən tətil reklamlarının qadağan edilməsini şirkətlərin kommersiya azadlığına qarşı qeyri-mütənasib müdaxilə kimi qiymətləndirib. Qeyd edək ki, Amsterdam bu sahədə yeganə nümunə deyil; ondan əvvəl Haarlem, Utrext və Neymeqen kimi şəhərlər də bənzər addımlar atıb.

Chosen
5
afn.az

1Sources