EN

Nyu-Yorkun keçmiş meri Culiani xəstəxanada, vəziyyəti ağırdır

Nyu-Yorkun keçmiş meri Rudolf Culiani xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır, lakin stabildir. Oxuməni.az xəbər verir ki, bu barədə bazar günü onun mətbuat katibi Ted Qudman "X" sosial şəbəkəsində məlumat verib.

Daha əvvəl Culiani öz tok-şousunda "bir az soyuqdəymə" olduğunu bildirmişdi.

81 yaşlı respublikaçının səhhətinin pisləşməsinin dəqiq səbəbi bilinmir. Onun mətbuat katibi Ted Qudman Culianinin xəstəxanaya yerləşdirilməsinin səbəblərini ictimaiyyətə açıqlamayıb.

"Mer Culiani həyatındakı bütün çətinliklərə dözümlə sinə gələn bir döyüşçüdür və hazırda da eyni güclə mübarizə aparır", - Qudman bəyanatında bildirib. O əlavə edib ki, Culiani "ağır, lakin stabil vəziyyətdədir".

Həftəlik "America's Mayor Live" şousu zamanı Culiani öskürərək tamaşaçılara "adi kimi ucadan danışmayacağını" bildirib. "Mikrofona daha yaxın olacağam", - o demişdi.

Keçən həftə Donald Tramp Culianini Prezident Azadlıq Medalı ilə təltif edəcəyini elan etmişdi. Nyu-Yorkun keçmiş merinin xəstəxanaya yerləşdirilməsi xəbərini eşidən Tramp sosial şəbəkədə emosional bir paylaşım edərək onu "həqiqi döyüşçü və şübhəsiz ki, Nyu-York tarixunun ən yaxşı meri" adlandırıb.

Rudolf Culiani 1994-cü ildən 2001-ci ilə qədər Nyu-Yorkun meri olub, bundan əvvəl isə ölkənin ən tanınmış federal prokurorlarından biri kimi, xüsusən də qanunsuz treyderlərlə mübarizəsi ilə məşhurlaşıb. Sonradan o, ABŞ prezidenti Donald Trampın vəkillərindən və yaxın müttəfiqlərindən biri olub.

Almaz Həsənli

Chosen
16
1
oxumeni.az

2Sources