EN

Tiranada tarixi uğur ŞƏRH

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında qələbə qazanan milli güləş yığmasının üzvlərini qəbul edib. Görüş zamanı ölkə idmanının son illərdə qazandığı uğurlar, güləş məktəbinin inkişafı və beynəlxalq arenada əldə olunan nəticələr geniş şəkildə müzakirə olunub.

Prezident çıxışında milli komandanın əldə etdiyi nəticəni yüksək qiymətləndirərək bildirib ki, bu uğur Azərbaycanın idman sahəsində davamlı inkişafının və düzgün qurulmuş sistemin nəticəsidir. Qeyd olunub ki, belə qələbələr yalnız idmançıların fərdi bacarığını deyil, həm də məşqçi heyətinin, federasiya strukturlarının və ümumilikdə dövlətin idmana göstərdiyi diqqətin nəticəsidir.

Dövlət başçısı vurğulayıb ki, beynəlxalq yarışlarda Azərbaycan idmançılarının fəxrlə çıxış etməsi və ölkə bayrağının yüksəkdə dalğalanması hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu uğurlar cəmiyyətdə ruh yüksəkliyi yaradır və gənclərin idmana marağını daha da artırır. Güləşin Azərbaycanda xüsusi ənənəyə malik olduğu qeyd edilərək, bu sahədə formalaşmış güclü məktəbin gələcək nəsillər üçün də böyük imkanlar yaratdığı bildirilib.

Görüşdə bir daha vurğulanıb ki, Azərbaycanda idmana dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Regionlarda Olimpiya idman komplekslərinin yaradılması, gənclərin idmana cəlb olunması və beynəlxalq yarışların təşkili bu siyasətin əsas istiqamətlərindəndir. Bu strategiya gələcəkdə də yeni çempionların yetişməsinə zəmin yaradır.

Görüşdə qadın güləşçilərin nəticələrinə də xüsusi diqqət yetirilib. Onların beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərin sevindirici olduğu və bu istiqamətdə inkişafın davamlı xarakter daşıdığı vurğulanıb. Qeyd edilib ki, qadın idmançılarımızın uğurları Azərbaycanın idman potensialının genişliyini bir daha sübut edir.

İlham Əliyev həmçinin gələcək perspektivlərdən danışaraq bildirib ki, əldə olunan nəticələr yalnız başlanğıcdır və qarşıdakı illərdə daha böyük qələbələrin əldə olunacağına inam yüksəkdir. Dövlət tərəfindən idmana göstərilən dəstəyin bundan sonra da davam etdiriləcəyi, yeni idman komplekslərinin yaradılması və gənclərin bu sahəyə cəlb olunmasının prioritet olduğu diqqətə çatdırılıb.

Sonda milli komandanın üzvlərinə gələcək yarışlarda uğurlar arzulanıb və onların Azərbaycanın beynəlxalq idman arenalarında mövqeyini daha da gücləndirəcəklərinə əminlik ifadə olunub. Görüş ölkədə idmanın inkişafına verilən yüksək qiymətin və əldə edilən nəticələrin dövlət səviyyəsində dəstəkləndiyini bir daha nümayiş etdirib.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
sesqazeti.az

1Sources