EN

MSC gəmiçilik şirkəti Hörmüz boğazından yan keçən yeni marşrut planlayır

Bakı, 4 may, AZƏRTAC

Dünyanın konteyner daşımaları üzrə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Hörmüz boğazından yan keçəcək və Avropanı Körfəz limanları ilə birləşdirəcək yeni marşrut planlaşdırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkət Yaxın Şərqdəki təhlükəsizlik və təchizat böhranın təsiri səbəbindən Avropa ilə Yaxın Şərq arasında yeni logistika marşrutu yaratmağa hazırlaşır. MSC yeni marşrutu Yaxın Şərqdəki mövcud çətin şərtlərə cavab olaraq hazırlayıb.

Şirkətin planına görə, yeni marşrut üzrə daşımalar mayın 10-da Belçikanın Antverpen limanından başlayacaq, Almaniya, İtaliya, Litva və İspaniya kimi Avropa limanlarını əhatə edəcək. Gəmilər Süveyş kanalından keçərək Qırmızı dənizə çıxacaq və Səudiyyə Ərəbistanındakı Ciddə və Kral Abdullah limanlarına çatacaq. Yüklər buradan quru yolu ilə Səudiyyə Ərəbistanının şərqindəki Dammam şəhərinə daşınacaq. Dammamdan kiçik gəmilər Əbu-Dabi, Dubayın Cəbəl Əli Limanı, Bəhreyn, İraq və Küveyt də daxil olmaqla Körfəz bölgəsindəki əsas limanlara yollanacaq.

Ekspertlərin fikrincə, ABŞ-İran müharibəsi və Hörmüz boğazında məhdudiyyətlər gəmiçilik şirkətlərini alternativ və daha bahalı quru yolu ilə dəstəklənən marşrutlar axtarmağa məcbur edib. Bölgədəki digər əsas operatorlar da oxşar quru yolları həlləri hazırlamağa başlayıblar. Lakin bu cür marşrutların logistika xərclərini və karbon emissiyalarını artırdığı bildirilir.

Chosen
16
1
azertag.az

2Sources