EN

Avropa birjaları həftəyə qarışıq başladı

Avropa birjaları həftəyə qarışıq başladı

Avropa birjaları ABŞ-ın Hörmüz boğazında qalan neytral ölkələrə məxsus gəmilərin keçidinə dəstək verəcəyi ilə bağlı açıqlamalarının müsbət təsirinə rəğmən, bölgədəki investorların ehtiyatlı davranışı səbəbindən həftəyə müxtəlif istiqamətli meyillərlə başlayıb.

AFN.az xəbər verir ki, ABŞ, İsrail və İran arasındakı gərginliyin hələ tam yekunlaşmaması bazarlardakı qiymət siyasətinə təsir edən əsas amil olaraq qalır. Yaxın Şərqdəki yüksək gərginliyə baxmayaraq, tərəflər arasında razılaşma zəminin axtarılması və Hörmüz boğazı ilə bağlı risklərin bir qədər azalması bazarlara müsbət yansıyıb. ABŞ Prezidenti Donald Trampın regiondakı böhranla əlaqəsi olmayan neytral gəmilərə kömək edəceklərini duyurması neft tədarükü ilə bağlı narahatlıqları qismən azaldıb.

Avropa bazarlarında saat 11:15-ə olan məlumata görə, "Stoxx Europe 600" göstərici indeksi 0,1 faiz artaraq 612 bənd təşkil edib. Almaniyanın "DAX 40" indeksi 0,1 faiz dəyər qazanaraq 24.323 bəndə, İtaliyanın "FTSE MIB 30" indeksi isə 0,2 faiz artımla 48.350 bəndə yüksəlib. Bunun əksinə olaraq, Fransanın "CAC 40" indeksi 0,2 faiz geriləyərək 8.099 bəndə düşüb, İspaniyanın "IBEX 35" indeksi isə 17.781 bəndlə sabit qalıb. İngiltərədə isə bayram tətili ilə əlaqədar birja əməliyyatları keçirilmir.

Geosiyasi hadisələrlə yanaşı, ticarət əlaqələrindəki yeni gərginlik də bazarlara təsir edib. Belə ki, Donald Tramp ticarət sazişinə əməl olunmadığı iddiası ilə Avropa İttifaqı istehsalı olan avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumlarının 25 faizə qaldırılacağını elan edib. Bu qərardan sonra bölgədə avtomobil sənayesi səhmləri həftəyə itkilərlə başlayıb.

Analitiklər günün qalan hissəsində Yaxın Şərqdəki vəziyyət və enerji qiymətləri ilə yanaşı, ABŞ-dan gələcək zavod sifarişləri və Avrozona üzrə istehsal sektoru PMI göstəricilərinin bazarların istiqamətini müəyyən edəcəyini bildirirlər.

Chosen
36
afn.az

1Sources