Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin terapevti Gülər Miriyeva 30 aprel 2026-cı il tarixindən xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxıb.
Bununla bağlı 4 may 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Gülər Miriyevanın uzunillik səmərəli fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimi Bəxtiyar Musayev, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə və Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minarə Qafarova iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov uzun illər ərzində Mərkəzi Gömrük Hospitalında səmərəli fəaliyyət göstərmiş Gülər Miriyevanı səmimi sözlərlə təbrik edərək, onun yüksək peşəkarlığını, pasiyentlərə həssas və diqqətli yanaşmasını, eləcə də kollektiv daxilində qazandığı nüfuz və hörməti xüsusi qeyd edib. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, Gülər həkimin illər boyu göstərdiyi fədakar xidmət səhiyyə sistemində örnək kimi qiymətləndirilməlidir və onun zəngin təcrübəsi gənc nəsil tibb işçiləri üçün hər zaman dəyərli məktəb rolunu oynayacaq.
Tədbirin sonunda Gülər Miriyevaya xatirə hədiyyəsi təqdim olunub, uzunmüddətli və qüsursuz xidmətinə görə təşəkkür edilib, ona gələcək həyatında möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulanıb.