EN

Departament rəhbəri: Qadın futbolunda mental baryerlərin böyük hissəsini aşmışıq - MÜSAHİBƏ

Bakı, 4 may, AZƏRTAC

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva AZƏRTAC-ın suallarını cavablandırıb. O, qadın futbolunun mövcud vəziyyəti və inkişafı, milli komandaların çıxışı və liqaların gələcəyi haqqında danışıb.

- Aşağı yaş qrupları üzrə qızlardan ibarət milli komandaların hazırkı durumu necədir? Əsas problemlər və çatışmazlıqlar nələrdir?

- Aşağı yaş qrupları üzrə milli komandalarımız (U-17 və U-19) son Avropa çempionatının seçmə mərhələsində istədiyimiz nəticələri göstərə bilmədi. Qeydə alınan nəticələr federasiya olaraq həm bizi, həm də futbol ictimaiyyətini məyus etdi. Yəqin razılaşarsınız ki, bu nəticələri yalnız bu günün reallığı ilə əlaqələndirmək düzgün olmaz. Bu vəziyyət müəyyən dövr ərzində formalaşan və tədricən yığılan problemlərin məntiqi nəticəsidir. Digər tərəfdən, rəqiblərimiz çox güclü, futbolda daha formalaşmış və öz sözünü demiş ölkələrdir. Məsələn, Xorvatiyada, Çexiyada, həmçinin Avropanın digər ölkələrində qızlar 6–7 yaşdan futbolla məşğul olmağa başlayırlar. Bizdə isə bu proses əksər hallarda 11–12 yaşdan sonra başlayır, yəni, qızlar futbola çox gec gəlirlər. Bu da həm fiziki, həm texniki, həm də oyun təcrübəsi baxımından ciddi fərq yaradır. Amma bunları bəhanə kimi təqdim etmək niyyətində deyilik. Çatışmazlıqları aydın görürük və onların üzərində çalışırıq. Əsas məsələ yığma üzvləri üçün mütəmadi təlim-məşq toplanışlarının sayını artırmaqdır. Düzgün və vahid məşq fəlsəfəsi tətbiq edilməlidir. Fiziki hazırlıq prosesi gücləndirilməlidir. Eyni zamanda beynəlxalq yoldaşlıq oyunlarının sayını da mütləq artırmalıyıq. Yəni, hədəfimiz sistemli şəkildə inkişaf etmək və bu fərqləri tədricən aradan qaldırmaqdır. Bunu isə qısa müddətdə reallaşdırmaq mümkün deyil. Biz bunun fərqindəyik və anlayırıq. İnanırıq ki, düzgün planlaşdırma və davamlı iş sayəsində yaxın illərdə daha rəqabətli komandalar formalaşacaq və qızlarımız gələcəkdə bizi sevindirəcəklər.

- Əsas milli komandanın nəticələrini necə qiymətləndirirsiniz?

- Əsas yığmanın builki çıxışlarını ümumilikdə müsbət dəyərləndiririk. Hazırda qrupda 9 xalla ikinci yerdəyik. Birinci yerdə isə qrupun favoriti olan Macarıstan qərarlaşıb. Bu nəticə komandanın inkişaf etdiyini göstərən real göstəricidir. Qarşıda bizi çox vacib iki oyun gözləyir. İyunun 5-də Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda Macarıstana və iyunun 9-da isə səfərdə Şimali Makedoniyaya qarşı son oyunumuz olacaq. Bu iki matç qrupdakı yekun mövqeyimiz baxımından həlledici olacaq və yerimizi müəyyənləşdirəcək. Komandada son illərdə keyfiyyət artımı açıq şəkildə müşahidə olunur. Xüsusilə bəzi oyunçularımızın xarici klublarda legioner həyatı yaşaması onların oyun praktikası və təcrübəsinə müsbət təsir edir. Bu da milli komandamızın çıxışlarında özünü göstərir. Bəzən fikirlər səslənir ki, qrupdakı bəzi rəqiblərimiz zəifdir və milli komandamız qələbələri buna görə qazanır. Amma biz bu yanaşma ilə razı deyilik. Ümumiyyətlə, beynəlxalq futbolda “zəif rəqib” anlayışı çox şərtidir. Yəni, belə bir termin demək olar ki, yoxdur. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Biz bütün rəqiblərə eyni dərəcədə ciddi yanaşırıq və rəqibin kimliyindən asılı olmayaraq hər oyuna maksimum hazırlıqla çıxırıq. Ən vacib məqamlardan biri odur ki, komanda daxilində inam və birlik mövcuddur. İnanırıq ki, hazırkı kollektiv qrupda yaxşı nəticə göstərməyə qadirdir. Qarşıdakı oyunlara tam fokuslanmışıq və hazırlıq prosesimizi plan üzrə davam etdiririk.

- Qadınlar arasında Yüksək Liqada komanda sayının artırılması gündəmdədirmi? Məsələn, hansı bölgələrdə klublar yaratmağı düşünürsünüz?

- Liqalarda komanda sayının artırılması daim diqqət mərkəzindədir və bu istiqamətdə artıq müəyyən addımlar atmışıq. 2025/2026-cı il mövsümündə ümumilikdə liqalar üzrə komanda sayında artım müşahidə olundu. Xüsusilə aşağı yaş qruplarında yeni mərkəzlərin yaradılması istiqamətində hazırda aktiv iş aparırıq. Aşağı yaş liqalarında daha çox regionlara fokuslanırıq. Məqsəd müxtəlif bölgələrdə, xüsusilə futbolun zəif inkişaf etdiyi zonalarda futbol mərkəzləri yaratmaq və qızların futbola çıxış imkanlarını daha da genişləndirməkdir. Bu yanaşma gələcəkdə həm daxili liqaların inkişafına, həm də milli komandalarımızın keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərəcək. Yüksək Liqada isə proses bir qədər fərqlidir. Burada komandalar əsasən klubların federasiyaya müraciətləri əsasında formalaşır. Yəni, biz maraq göstərən klubların liqaya qoşulmasını dəstəkləyirik və iştirakçıların sayı da məhz bu müraciətlərə uyğun müəyyənləşir. Məsələn, bu liqada təkcə Premyer Liqa təmsilçiləri deyil, eyni zamanda qeyri-Premyer Liqa klubları da iştirak edir. Liqaya qoşulan yeni komandaların sayını nəzərə alaraq, 2026/2027-ci illər mövsümündə Yüksək Liqada format dəyişiklikləri də gündəmdədir. Bu məsələlər texniki direktor, eləcə də milli komandaların məşqçiləri ilə birlikdə müzakirə olunacaq. Yekun təkliflər AFFA rəhbərliyinə təqdim ediləcək, təsdiqləndikdən sonra klublara və ictimaiyyətə rəsmi açıqlama veriləcək. Hazırda yeni mövsüm üçün qeydiyyat prosesi başlamadığına görə dəqiq rəqəmlər və konkret klub adlarını açıqlamaq mümkün deyil. Amma əsas istəyimiz həm kəmiyyət, həm də keyfiyyət baxımından liqanı daha da inkişaf etdirməkdir.

- Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu yaxınlarda növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi. Səfərin mahiyyəti haqqında danışardınız...

- Bu səfərin mahiyyəti ilə bağlı ümumi olaraq qeyd etmək istərdim ki, əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdə qadın futbolunun inkişafına real töhfə verməkdir. İlk dəfə 2025-ci ilin avqust ayında AFFA-nın Qadın Futbolu Departamenti tərəfindən “Zəfər yolu” adlı sosial layihə həyata keçirildi. Həmin layihə çərçivəsində qadınlardan ibarət əsas yığma ilə birlikdə Qarabağa səfər etdik. Səfər zamanı Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olduq, oranın infrastrukturu ilə tanış olduq, rəhbərlik və şagirdlərlə görüşlər keçirdik. Bizim üçün çox önəmli və xüsusi bir görüş təşkil olunmuşdu. Görüş çərçivəsində gələcək əməkdaşlıq imkanları ilə bağlı ilkin müzakirələr apardıq və məktəbə bildirdik ki, bundan sonra Qadın Futbolu Departamenti tərəfindən həyata keçirilən layihələrdə onların da aktiv iştirakını görmək istərdik. Eyni zamanda bu layihələri həmin bölgəyə gətirməyi planlaşdırdığımızı qeyd etdik. Hədəfimiz həmin bölgələrdə futbolun, xüsusilə qızlar arasında futbolun yenidən canlanmasına nail olmaqdır. Çünki bildiyiniz kimi, bu ərazilərdə qadın futbolu ilə bağlı demək olar ki, heç bir struktur mövcud deyil. Yəni, nə liqa, nə komanda, nə də klub var. Bu sistemi faktiki olaraq sıfırdan qurmaq tələb olunur. Budəfəki səfərimizin əsas məqsədi isə məhz həmin məktəbdə AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development” proqramı çərçivəsində 8–10 yaşlı qızlar üçün futbol festivalı təşkil etmək idi. “FIFA Campaign” adlı tədbirdə ümumilikdə həmin məktəbdə təhsil alan 62 qız şagird iştirak etdi. Festival çərçivəsində uşaqlar üçün sadə futbol məşqləri təşkil olundu və müxtəlif əyləncəli fəaliyyətlər keçirildi. Tədbirdə milli komandamızın futbolçuları - Mehriban Şahməmmədova, Coşqunə Əliyeva və Mədinə Curuqova iştirak etdilər. Eyni zamanda, Mədinə bu festivalın gənc səfiri seçildi. Yığmamızın məşqçi heyəti də tədbirdə yer aldı. Ümumilikdə, bu festival həm uşaqların əylənməsi, həm də onların ilkin futbol bacarıqlarını inkişaf etdirməsi üçün əlverişli imkan yaratdı.

- Maraqlıdır, həmin ərazilərdə qadın futboluna marağı artıqmaqla yanaşı, oradan milli komandalara gənc qızları cəlb etməyi düşünürsünüz?

- Əgər məqsəd regionlarda qadın futboluna marağı artırmaq və istedadlı qızları akademiyaya cəlb etməkdirsə, bu proses yalnız onları Bakıya gətirməklə məhdudlaşmamalıdır. Əsas məsələ ilk addım olaraq maarifləndirmə aparmaq və həmin regionda qızlar arasında futbola marağı artırmaqdır. Biz artıq bu istiqamətdə işlər görmüşük. Eyni bölgəyə ikinci dəfə səfər etmiş, növbəti tədbirimizi keçirmişik. Həmin səfər çərçivəsində əməkdaşlığın təməli də qoyulub. Müəllimlər və valideynlərlə görüşlər keçirmişik. Çünki qızların futbola cəlb olunması və bu idman növü ilə məşğul olması üçün onların dəstəyi olduqca önəmlidir. Artıq ikinci addım kimi yerli yarışların təşkili nəzərdə tutulur. Bu, ya bizim keçirdiyimiz Məktəbli Kuboku formatında, ya da ayrıca U-12 Liqası şəklində ola bilər. Hətta yeni mövsümdə sırf Füzuli zonası üzrə U-12 Liqasının yaradılması da planlarımızdadır və hazırda işlər həmin istiqamətdə qurulur. Məqsəd odur ki, Füzuli bölgəsində ilk dəfə olaraq real futbol strukturu formalaşsın və ən azı 4–5 komanda liqaya qoşula bilsin. Əgər bu yarışlar təşkil olunarsa, artıq seçim və skautinq prosesi də daha sistemli şəkildə aparıla biləcək, yəni, istedadlı qızlar daha aydın şəkildə üzə çıxacaq. Burada vacib məqam ondan ibarətdir ki, hamını dərhal Bakıya gətirmək düzgün yanaşma deyil. Əvvəlcə həmin regionlarda komandalar yaradılmalı, liqalar və məşq qrupları, yəni futbol seksiyaları formalaşmalıdır. Yalnız bundan sonra ən perspektivli oyunçular milli komanda məşqçiləri tərəfindən seçilərək Bakıda elit məşqlərə dəvət oluna bilər. Bu proses mərhələli şəkildə qurulduqda daha davamlı və sağlam inkişaf əldə etmək mümkün olur.

- Bəzi valideynlər qızlarını idmana yönləndirməkdə tərəddüd edir. Bu istiqamətdə hansı işlər görülür?

- Açıq desəm, beş il əvvəl bu məsələ bizim üçün daha ciddi problem idi və yanaşma da fərqli idi. O vaxt bir çox valideyn qızını futbola yönəltməkdə tərəddüd edir, bəzən isə ümumiyyətlə icazə vermirdi. Amma hazırkı vəziyyət xeyli dəyişib. Bu gün artıq valideynlərin özlərindən həm federasiyaya, həm də klublara müraciətlər olur ki, qızları futbolla məşğul olsunlar. Yəni əvvəllər biz izah etməli olurduq ki, istedadlı qızlar futbola cəlb edilsin, indi isə maraq daha çox valideynlərin öz təşəbbüsü ilə formalaşır. Məsələn, yaxın günlərdə Lənkəranda keçirdiyimiz tədbirdə 60-dan çox qız iştirak etdi və onların əksəriyyəti valideynləri ilə birlikdə gəlmişdi. Atalar, analar tribunadan övladlarını izləyir, onları dəstəkləyir, şəkillərini çəkir və motivasiya edirdilər. Bu, bizim üçün çox sevindirici bir mənzərə idi. Bu da onu göstərir ki, artıq ictimai dəstək formalaşıb və münasibət müsbət istiqamətə dəyişib. Düşünürəm ki, biz mental baryerlərin böyük hissəsini aradan qaldıra bilmişik. Amma təbii ki, bu o demək deyil ki, məsələ tam həll olunub. Sadəcə, əvvəlki illərlə müqayisədə çox ciddi irəliləyiş var və proses müsbət istiqamətdə davam edir.

- AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri kimi bu vəzifənin müsbət və çətin tərəflərini necə dəyərləndirirsiniz?

- Futbol üzrə departamentin rəhbəri kimi bu vəzifəyə təyin olunmağımın təxminən bir ili tamam olur. Bu vəzifənin həm məsuliyyətli, həm də motivasiyaedici tərəfləri var. Qeyd edim ki, təşkilat daxilində gender baxımından hər hansı ayrı-seçkilik hiss etmirik. AFFA-da bu yanaşma yoxdur. Rəhbərlik tərəfindən qadın və ya kişi olmasından asılı olmayaraq, əsas meyar peşəkarlıq və nəticədir. Ümumiyyətlə, bu gün dünyada qadınların idmanda və idarəçilikdə rolu getdikcə artır, bir çox lider qadın nümunələri görürük. Bu, çox müsbət tendensiyadır və mənim fikrimcə, bu inkişaf davamlı olacaq. Deməzdim ki, bu vəzifə rahatdır. Amma qadın futbolunun inkişafına birbaşa töhfə vermək, məhz qadın futbolunda çalışmaq, qızların bu idman növünə cəlb olunmasını görmək və onların uğurlarında pay sahibi olmaq çox böyük məsuliyyətdir və eyni zamanda qürurverici hissdir. Bu sahədə işləmək eyni zamanda sosial baxımdan da əhəmiyyətli missiyadır. Qızları futbola cəlb edərkən valideynlərin görməsi vacibdir ki, bu prosesin içində qadın rəhbər də var və bu, onlarda əlavə inam yaradır. Çətin tərəflərə gəldikdə isə futbol ənənəvi olaraq daha çox kişi sahəsi kimi qəbul olunduğu üçün bəzən cəmiyyətdə qadın olaraq fikri qəbul etdirmək və ya özünü daha çox ifadə etmək əlavə səy tələb edir. Amma bu baryerlər artıq əvvəlki illərlə müqayisədə daha zəifdir. Ən vacib məqam ondan ibarətdir ki, gördüyün iş və əldə etdiyin nəticələr sənin sözünü təsdiqləyir. Yəni əməli iş, peşəkarlıq və davamlı fəaliyyət bu çətinlikləri aşmaq üçün əsas amillərdir. Ümumilikdə deyə bilərəm ki, bu sahədə qadın olmaq artıq maneə deyil. Əksinə, düzgün yanaşma və nəticələrlə həm özünü təsdiqləmək, həm də qadın futbolunun inkişafına real töhfə vermək üçün daha geniş imkanlar yaradır.

Müxbir – Aynur Əlixanlı

Chosen
16
1
azertag.az

2Sources