EN

"İran nüvə ilə bağlı məsələlərdə ortaq məxrəcə gələ bilər" - Politoloq

"28 fevralda başlanan savaşın rəsmən bitməsi 1 mayda Donald Trampın Konqresə göndərdiyi məktubda qeyd olunub və orada bildirilib ki, hərbi əməliyyatlar artıq bitib. Doğrudur, orada bir cümlə var ki, İran təhdidi hələ aradan qalxmayıb. Eyni zamanda nəzərə alsaq ki, martın 28-dən başlayan atəşkəs davam edir və tərəflər arasında müəyyən dolayı təmaslar var, doğrudur, keçən ay İslamabadda ABŞ və İran tərəflərinin görüşü oldu, amma tərəflər razılığa gələ bilmədi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Oktay Qasımov bildirdi.

Onun sözlərinə görə, ABŞ-nin hazırda İran qarşısında qoyduğu əsas tələblər bunlardır:

"Hörmüz boğazının açılması və beynəlxalq sərbəst dənizçilik konvensiyasına uyğun olaraq gəmilərin keçidinə icazə verilməsi, İranın nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsi. Amerika tərəfi tələb edir ki, İranın əlində olan 440 kiloqram, 60 faiz səviyyəsində zənginləşdirilmiş uran ölkədən çıxarılsın və üçüncü tərəfə verilsin. Bundan başqa, İranın nüvə proqramı nəzarətdə saxlanılsın və hətta buna 20 il müddətində moratorium tətbiq edilsin. İran tərəfi bu tələbləri qəbul etmir və hazırda Amerikanın blokada tətbiq etməsindən sonra faktiki olaraq müəyyən bir pat vəziyyəti yaranıb. Düşünmürəm ki, bu vəziyyət uzun müddət davam etsin. Bu, Trampın da maraqlarına uyğun deyil. Nəzərə alsaq ki, Donald Tramp bir müddət sonra Çinə səfər etməlidir və burada müzakirə olunacaq məsələlərdən biri də İran məsələsi olacaq, bundan başqa, Tramp may ayında keçiriləcək aralıq seçkilərə hazırlaşır və həmin vaxta qədər İranla bağlı müəyyən nəticələrin əldə olunması vacibdir, ona görə də düşünürəm ki, Çində keçiriləcək görüşdə əgər ABŞ və Çin arasında razılaşma əldə olunsa, İran məsələsində də müəyyən irəliləyiş mümkündür. Bu ehtimal olunan irəliləyiş ondan ibarət ola bilər ki, Hörmüz boğazı açılır, Amerika blokadanı aradan qaldırır və İrana hücum etməmək barədə müəyyən təminatlar verir. İran da Amerikanın tələblərinə uyğun olaraq öz nüvə proqramı ilə bağlı məsələlərdə müəyyən ortaq məxrəcə gələ bilər. Bu, baş verməzsə, hərbi eskalasiya riski gündəmdə qalır. Belə ki, həm İsrailin verdiyi açıqlamalardan görünür ki, onlar İranla bağlı məsələlərdə geri çəkilmir. Xüsusilə nəzərə alsaq ki, ABŞ-dən iki eskadron F-35 və F-15 təyyarələrinin alınması məsələsi razılaşdırılıb və Netanyahu bunu gələcəkdə İran ərazilərini bombardman etmək üçün əlavə güc amili kimi qiymətləndirir. Bundan başqa, ABŞ-nin bölgəyə hərbi yığınağı davam edir və bir müddət əvvəl həm Mərkəzi Qüvvələr Komandanlığının rəhbərliyinin, həm də Baş Qərargah rəisinin Donald Trampa vəziyyətlə bağlı məruzə etdiyi məlumdur. Bu baxımdan diplomatik təmaslar davam etsə də, hərbi eskalasiya riski qalır. Düşünürəm ki, Trampın Çin səfəri bu məsələyə müəyyən aydınlıq gətirə bilər".

NURİYYƏ

Chosen
18
1
redaktor.az

2Sources