EN

Hindistan və Nepal arasında yeni sərhəd münaqişəsi

Tibetdə yerləşən müqəddəs Kailaş dağı və Mansarovar gölünə aparan Lipulex aşırımı üzrə marşrut Nepalla Hindistan arasında növbəti sərhəd böhranına səbəb olub.

Bakıvaxtı.az TASS-a istinadla məlumat verir ki, hər iki dövlətin rəsmiləri yaranmış vəziyyətlə əlaqədar qarşılıqlı bəyanatlar səsləndiriblər.

Katmandu hökuməti öz ərazisi hesab etdiyi Lipulex aşırımı üzərindən həyata keçirilən dini səfərlərə etiraz əlaməti olaraq Çin və Hindistana diplomatik nota təqdim edib. Nepalın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lok Bahadur Paudel Çhetrinin sözlərinə görə, ölkənin narazılığı "diplomatik yollarla hər iki qonşu dövlətə" çatdırılıb.

XİN nümayəndəsi vurğulayıb ki, 1816-cı ildə imzalanmış Suqauli müqaviləsinin şərtlərinə əsasən, Kalapani, Lipulex və Limpiyadhura bölgələri Nepal torpaqları hesab edilir. O, həmçinin qeyd edib ki, rəsmi Katmandu Hindistandan bu ərazidəki bütün fəaliyyətlərini, o cümlədən infrastruktur layihələrini, ticarət əlaqələrini və ziyarət yürüşlərini dayandırmağı tələb edib.

Öz növbəsində, Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Randhir Caysval Yeni Dehlinin mövqeyini yenidən səsləndirərək Nepalın iddialarına cavab verib. "Ərazi iddialarına gəldikdə, Hindistan qəti şəkildə bildirir ki, bu tələblərin heç bir tarixi əsası və ya sübutu yoxdur. Ərazi sərhədlərinin bu cür təktərəfli və süni şəkildə genişləndirilməsi cəhdləri qəbuledilməzdir", - deyə Caysval bildirib.

Randhir Caysval əlavə edib ki, Lipulex keçidi 1954-cü ildən etibarən Mansarovar və Kailaşa gedən ənənəvi dini ziyarət marşrutu kimi istifadə olunur və bu, "yeni hadisə deyil". Hindistan XİN təmsilçisi vurğulayıb ki, Yeni Dehli Nepal ilə bütün ikitərəfli məsələlərdə, xüsusən də həllini tapmamış sərhəd problemlərində dialoq və diplomatiya vasitəsilə sağlam əməkdaşlığa açıqdır.

Qeyd edək ki, Lipulex aşırımı vasitəsilə ziyarətlər beş illik fasilədən sonra 2025-ci ildə yenidən bərpa edilib. Bu addım Çin ilə Hindistan arasında Faktiki Nəzarət Xəttindəki uzunmüddətli hərbi gərginliyin başa çatmasından sonra əlaqələrin normallaşdırılması tədbirləri çərçivəsində atılıb. Növbəti ziyarətin 2026-cı ilin iyun və avqust ayları arasında keçirilməsi nəzərdə tutulur. Bu müddətdə hər biri 50 nəfərdən ibarət olan on qrupun həmin aşırımdan keçməsi planlaşdırılır.

Chosen
27
3
bakivaxti.az

4Sources