EN

Paremioloji vahidlərin koqnitiv semantik təhlili: yeni yanaşmalar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

AMEA Folklor İnstitutunda hibrid formatda növbəti elmi seminar təşkil olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Seminarı açan institutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında tədbirin əsas məqsədinin müasir humanitar elmlərdə genişlənməkdə olan koqnitiv yanaşmaların folklor materiallarına tətbiq imkanlarını müzakirə etmək olduğunu bildirib. O qeyd edib ki, atalar sözləri və məsəllər yalnız dil vahidi kimi deyil, həm də kollektiv düşüncənin strukturunu əks etdirən mürəkkəb semantik sistem kimi araşdırılmalıdır. Direktorun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar folklorşünaslıqla yanaşı, dilçilik və semiotika üçün də yeni analitik çərçivələr yaradır.

Daha sonra Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyeva “Azərbaycan paremioloji vahidlərinin koqnitiv-semantik təhlili” mövzusunda məruzə ilə çıxış edib. O, koqnitiv yanaşmanın mahiyyətinə toxunaraq bildirib ki, müasir tədqiqatlarda dil hadisələri insanın idrak fəaliyyəti ilə ayrılmaz şəkildə öyrənilir. Onun fikrincə, insan reallığı sadəcə əks etdirmir, onu mənalandırır, strukturlaşdırır və mədəni kodlara çevirir.

Dosent Çiçək Əfəndiyeva çıxışında koqnitiv elmin disiplinlərarası xarakter daşıdığını xüsusi vurğulayaraq, bu sahənin psixologiya, linqvistika, antropologiya və digər istiqamətlərlə sıx əlaqədə inkişaf etdiyini qeyd edib. O, paremioloji vahidlərin təhlilində “konsept”, “diskurs” və xüsusilə “freym” anlayışlarının mühüm rol oynadığını konkret nümunələrlə izah edib.

Məruzənin növbəti hissəsində diqqət “freym” anlayışının izahına yönəlib. Çiçək Əfəndiyeva bu kateqoriyanı biliklərin təşkili və qavranılması üçün əsas modellərdən biri kimi xarakterizə edib. Onun fikrincə, atalar sözləri və məsəllər konkret situasiyaları və sosial davranış normalarını kodlaşdıran freym strukturları kimi fəaliyyət göstərir. Qeyd olunub ki, bu tip yanaşma paremioloji vahidlərin daxili semantik qatlarını üzə çıxarmağa imkan verir və onları xalqın dünyagörüşünü əks etdirən bilik modeli kimi şərh etməyə şərait yaradır.

Məruzədə “konsept” anlayışı da geniş şəkildə izah olunub. Bildirilib ki, konseptlər insanın təcrübəsini, biliyini və mədəni yaddaşını özündə birləşdirən çoxqatlı strukturlardır. Azərbaycan paremioloji materialı əsasında həyat, zaman, ailə, zəhmət, inanc və dostluq kimi əsas anlayışların konseptual səviyyədə formalaşdığı vurğulanıb. Qeyd edilib ki, atalar sözləri və məsəllər çox vaxt mətnin əvvəlində və sonunda yer alaraq onun semantik çərçivəsini müəyyənləşdirir. Bu xüsusiyyət onların mətn daxilində yalnız tamamlayıcı deyil, strukturlaşdırıcı funksiya daşıdığını göstərir. Konkret nümunələr əsasında aparılan təhlillər göstərib ki, paremioloji vahidlərin müxtəlif mətnlərdə təkrar istifadəsi onları dayaq elementlərinə çevirir. Bu hal xüsusilə epik mətnlərdə və xalq nəsri nümunələrində daha aydın müşahidə olunur.

Daha sonra şöbə müdirləri, professorlar Füzuli Bayat və Əfzələddin Əsgər, filolofiya elmləri doktoru Ağaverdi Xəlil, dosent Elçin Qaliboğlu, elmi işlər üzrə direktor müavini dosent Afaq Ramazanova çıxış edərək yeni yanaşmalarla bağlı fikirlərini bölüşüblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
azertag.az

1Sources