EN

“Həkimə əl qaldırmaq, cəmiyyətin öz gələcəyinə vurduğu zərbədir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə aprelin 30-da Bakıda yerləşən Milli Onkologiya Mərkəzində baş vermiş partlayışla bağlı yayılan məlumatlar ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Hadisə zamanı ağır yaralanan həkim Asif Nəsirli ilə bağlı müzakirələr bir daha göstərdi ki, həkimlərin fəaliyyəti yalnız tibbi məsələ deyil, həm də sosial, mənəvi və siyasi əhəmiyyət daşıyan bir sahədir.

Həkimlər cəmiyyətin sağlamlığını qoruyan, ən çətin anlarda insanların ümid yerinə çevrilən fədakar peşə sahibləridir. Xüsusilə onkologiya kimi ağır və mürəkkəb istiqamətdə çalışan mütəxəssislər gündəlik olaraq insan həyatının ən həssas məqamlarında qərar vermək məsuliyyəti daşıyırlar. Belə bir peşənin nümayəndəsinin təhlükə ilə üz-üzə qalması, ağır yaralanması yalnız bir hadisə deyil.

Bu, bütövlükdə səhiyyə sisteminin və cəmiyyətin diqqət mərkəzində olmalı olan ciddi siqnaldır.

Bu gün Azərbaycanda dövlət səviyyəsində səhiyyə sahəsinə göstərilən diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Son illərdə tibb müəssisələrinin yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması, həkimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət tərəfindən həyata keçirilən bu siyasət həkim peşəsinin nüfuzunun artırılmasına, onların əməyinin daha yüksək qiymətləndirilməsinə xidmət edir. Lakin bu diqqət və qayğının cəmiyyət tərəfindən dəstəklənməsi, həkimlərə qarşı hörmət və etimadın gücləndirilməsi eyni dərəcədə vacibdir.

Təəssüf ki, bəzi hallarda həkimlərə qarşı hörmətsizlik, əsassız ittihamlar və hətta zorakılıq halları müşahidə olunur. Bu cür davranışlar nəinki fərdi etik çərçivələri aşır, həm də dövlətin səhiyyə siyasətinə, ümumilikdə cəmiyyətin inkişafına zərbə vurur. Həkimə qarşı yönələn hər bir aqressiya aktı əslində insan həyatına və sağlamlığına qarşı yönəlmiş təhlükədir.

Məsələnin o biri tərəfi isə informasiya mühitində baş verən proseslərlə bağlıdır. Sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatların sürətlə yayılması, emosional və qərəzli yanaşmalar bəzən həkimlərin nüfuzuna xələl gətirir. Halbuki belə həssas məsələlərdə obyektivlik, məsuliyyət və etik yanaşma əsas prinsip olmalıdır. Media və ictimaiyyət nümayəndələri bu məsuliyyəti dərk etməli, hadisələrə sağlam və balanslı mövqedən yanaşmalıdır.

Həkimlərin təhlükəsizliyinin təmin olunması isə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daha da gücləndirilməlidir. Tibb müəssisələrində təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, fövqəladə hallara hazırlığın artırılması və həkimlərə qarşı zorakılığa görə hüquqi məsuliyyətin sərtləşdirilməsi bu sahədə atılmalı olan vacib addımlardandır.

Asif Nəsirlinin həyat uğrunda apardığı mübarizə bu gün cəmiyyət üçün həm də mənəvi bir sınaqdır. Bu sınaqdan necə çıxacağımız isə bizim dəyərlər sistemimizi müəyyən edəcək. Əgər biz həkimə hörmət etməyi, onun əməyini qiymətləndirməyi bacarırıqsa, bu, sağlam və güclü cəmiyyət qurduğumuzun göstəricisidir.

Unutmayaq ki, həkimi qorumaq gələcəyimizi qorumaq deməkdir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının cəmiyyət tərəfindən də eyni məsuliyyətlə qarşılanması isə hər birimizin vətəndaşlıq borcudur.

Politoloq Nicat İsmayılov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
bizimyol.info

1Sources