EN

Torpaq və əmlak uçotunun dəqiqliyi müasir şəhər planlaşdırılmasına necə təsir edir?

Bakı, 4 may, AZƏRTAC

Torpaq və əmlak uçotunun dəqiqliyi müasir planlaşdırmanın əsas şərtlərindən biridir.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, torpaq qanunvericiliyi aydın olmadıqda, ən yaxşı şəhərsalma layihələri belə reallaşa bilmir. Torpaq sahələri barədə dəqiq və etibarlı məlumatlar olduqda ərazi planlaşdırılması, zonalaşdırma və infrastrukturun qurulması daha səmərəli şəkildə həyata keçirilir.

Əhalinin artması, yaşayış massivlərinin genişlənməsi və iqtisadi inkişaf torpağa tələbatı artırır. Bu isə torpaq münasibətlərinin müasir yanaşmalarla tənzimlənməsini zəruri edir. Bu baxımdan vahid və etibarlı torpaq informasiya sisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal həllərin tətbiqi, kadastr məlumatlarının dəqiqləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və məlumatlara çıxışın artırılması torpaqların idarə edilməsi və ərazi planlaşdırılma məsələlərinin həllində xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda torpaqların qorunması, onların keyfiyyətinin yaxşılaşdırılması, rekultivasiya tədbirlərinin həyata keçirilməsi və ekoloji tələblərin nəzərə alınması vacibdir.

Torpaqlardan təyinatına uyğun istifadə olunmaması, özbaşına zəbt, qanunsuz tikililər və mühafizə zonalarının pozulması isə şəhərsalma planlarının icrasına ciddi maneələr yaradır və uzunmüddətli sosial-iqtisadi problemlərə səbəb olur. Nəticə olaraq, torpaq və əmlak uçotunun dəqiqliyi şəhərsalmanın effektivliyi, dayanıqlı inkişafın təmin olunması və sağlam urban mühitin formalaşdırılması üçün əsas amillərdən biridir.

 

Chosen
4
3
azertag.az

4Sources