Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi” (ASB) formatının Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması baxımından son dərəcə vacib rol oynadığını bəyan edib.
"AzPolitika" xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” sammitində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, ASB platforması tərəflər arasında dialoqun inkişafına və konkret nəticələrin əldə olunmasına ciddi töhfə verib.
Paşinyan xatırladıb ki, 2022-ci ildə Praqada keçirilən ilk sammit çərçivəsində Emmanuel Makron və Şarl Mişelin təşəbbüsü ilə dördtərəfli görüş baş tutub. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyan mühüm qərar qəbul edərək 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.
Paşinyan bildirib ki, bu addım iki ölkə arasında sülh sazişinin əldə olunması üçün real zəmin yaradıb və gələcək sülhün arxitekturasını müəyyən edib. O əlavə edib ki, proses 2025-ci ilin avqustunda keçirilən Vaşinqton sammitinə qədər inkişaf edib.
Ermənistan Baş naziri qeyd edib ki, həmin sammitdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və özü sülh bəyannaməsini qəbul ediblər. ABŞ lideri isə sənədi şahid qismində imzalayıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi paraflayıblar.
Paşinyan həmçinin Vaşinqton sammitində razılaşdırılmış TRİPP layihəsinə də toxunaraq bildirib ki, bu təşəbbüs regional kommunikasiyaların açılması və yeni beynəlxalq dəhlizlərin formalaşdırılması ilə qlobal təchizat zəncirlərinin sabitliyinə mühüm töhfə verəcək.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.