EN

Şəmkirin gecələri də gözəlləşir…

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Əslində Şəmkir şəhərində küçə işıqlandırılması sistemi mərhələli şəkildə yenilənir. Bu işlər 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar həyata keçirilən genişmiqyaslı layihələrin tərkib hissəsidir.

Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Kommunal Müəssisələr Kombinatı tərəfindən icra olunan layihənin növbəti mərhələsi artıq başa çatıb. Görülən işlər nəticəsində şəhərin giriş hissəsi — Trade Market ərazisindən Mərkəzi Xəstəxanayadək olan yol, o cümlədən dairə tam şəkildə müasir işıqlandırma sistemi ilə təmin edilib.

Eyni zamanda Heydər Əliyev prospektində və Mərkəzi Parkda işıqlandırma infrastrukturu yenidən qurulub. Hazırda şəhərin əsas nəqliyyat yollarından sayılan Nəriman Nərimanov küçəsində (13-cü küçə), eləcə də Rəhim Rəhimov və Tofiq İsmayılov küçələrində işlər davam etdirilir.

Layihə çərçivəsində ilin sonunadək Cəlil Məmmədquluzadə, İmadəddin Nəsimi, Fəxrəddin Əhmədov, 20 Yanvar, Fərman Salmanov və İsmayıl Qayıbov küçələrinin də işıqlandırılması planlaşdırılır. Bununla yanaşı, Lüteran kilsəsinin ətrafında və İstiqlal parkında da mövcud işıqlandırma vasitələri yenilənəcək.

Həyata keçirilən bu tədbirlər şəhərin ümumi görünüşünü daha da yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığını artırmağa və nəqliyyatın təhlükəsiz hərəkətinə xidmət edir.

Hamlet Qasımov XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
xalqqazeti.az

2Sources