EN

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Laçın rayonunda məktəblilər üçün növbəti maarifləndirici görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dəfə tədbir Taxtakörpü qəsəbəsində yerləşən məktəbdə təşkil olunub.

Görüşdə agentliyin Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri şagirdlərə qurumun fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat veriblər.

Tədbirə Laçın Rayon İcra Hakimiyyətinin və yerli səhiyyə qurumlarının nümayəndələri də qatılıblar. Sağlam qidalanmanın böyümə və inkişafda rolu, enerji səviyyəsinə və zehni fəaliyyətə təsiri, dərslərdə diqqət və yaddaşın gücləndirilməsində faydası izah olunub.

Daha sonra agentliyin müfəttişi Hikmət Tarıverdiyev təqdimatla çıxış edərək zəruri məlumatları diqqətə çatdırıb və sualları cavablandırıb. İştirakçılara qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanılıb. Qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.

Məlumatda, həmçinin bildirilib ki, ümumi təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdiriləcək. Məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq və düzgün qida vərdişlərini təşviq etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
azertag.az

1Sources