Aprelin 30-da Elm və Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı onlayn görüş keçirilib. Görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü əsasında təşkil olunub.
AzEdu.az xəbər verir ki, görüşdə “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yeni strukturu, ixtisas qruplarının optimallaşdırılması, onların əmək bazarının real tələblərinə uyğunlaşdırılması və beynəlxalq təcrübə əsasında formalaşdırılması məsələləri ətrafında müzakirələr aparılmış, sənədin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər səsləndirilib. Bununla yanaşı, təqdim olunan model əsasında müvafiq tədris proqramlarının yenilənməsi və bu istiqamətdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsinə dair elm və təhsil nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Elm və Təhsil Nazirliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələri daxildir.