Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdindəki Şuşa Konqres Mərkəzində "Heydər Əliyev və Türk Dünyası" mövzusunda tədbir keçirilib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunub.
Müzakirədə Türkiyə parlamentinin üzvləri, türk dövlətlərinin diplomatik nümayəndəlikləri, qardaş ölkənin siyasi partiyalarının və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri, paytaxtdakı universitetlərin tələbələri və professorları iştirak ediblər.
Tədbir dövlət xadiminə həsr olunmuş videoçarxla başlayıb.
TADİV sədri, professor Aygün Attar deyib ki, Heydər Əliyev bütün türk dünyası üçün bir bələdçi və nümunədir. "Heydər Əliyev türk dövlətlərinin yaxınlaşmasında və qarşılıqlı inteqrasiyasında mühüm rol oynayıb. Əminəm ki, onun adı əsrlər boyu yaşayacaq", - o, vurğulayıb və əlavə edib ki, "Heydər Əliyevin ən böyük arzusu olan Azərbaycanın tarixi ərazilərinin işğaldan azad edilməsi Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən gerçəkləşib".
Tədbirdə çıxış edən Türkmənistan, Qırğızıstan və Özbəkistan səfirliklərinin nümayəndələri Heydər Əliyevin balanslı və irəliyə doğru düşünülən siyasətinin türk ölkələri arasında strateji əlaqələrə güclü təkan verdiyini bildiriblər.
Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev Heydər Əliyevi türk dünyasının aparıcı şəxsiyyətlərindən və qardaş ölkələr arasında əlaqələrin inkişafına xüsusi töhfə verən biri kimi xarakterizə edib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrindəki böyük xidmətələrindən söz açıb: "Ulu öndərin də dediyi kimi, biz bir millətik, ortaq tariximiz, mədəniyyətimiz və gələcəyimiz var. Heydər Əliyev prinsiplərinə sadiq qalaraq Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq".
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini və türk dövlətləri ilə əlaqələr üzrə məsul, professor Kürşad Zorlu da çıxışlarında Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü vurğulayıb.
Görüşlərdən sonra konsert proqramı təşkil edilib və Heydər Əliyevin xatirəsinə şahmat turniri keçirilib.