EN

Özbəkistanda keçirilən “Baysun baharı” folklor festivalında Azərbaycan aşıqları diploma layiq görülüb

Özbəkistan Mədəniyyət Nazirliyi, Surxandərya vilayət hakimiyyəti, ölkənin Turizm Komitəsinin təşəbbüsü, UNESCO və TÜRKSOY-un  dəstəyi ilə vilayətin Baysun rayonunda “Baysun baharı” VIII folklor festivalı keçirilib.  

Gözəllik və sənət bayramında Özbəkistanın müxtəlif vilayətlərindən gələn musiqi kollektivləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya Federasiyasının Tatarıstan Respublikasından, ümumilikdə, dünyanın 20 ölkəsindən dəvət olunan folklorşünaslar, mədəniyyət və incəsənət  xadimləri, səyyahlar iştirak edib. 

Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın “Gənc aşıqlar” qrupu təmsil edib. 

Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, milli yeməklər, xalq sənəti  nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunub, güləş üzrə yarışlar keçirilib. Qonaqlar Baysun sənətkarlarının toxuduğu xalçalarla, hazırladıqları xalq çalğı alətləri ilə tanış olublar. Festivalda sənətkarların əl işlərinin hazırlanma texnologiyasını öyrənmək məqsədilə usta dərsləri də təşkil olunub. 

“Baysun baharı” folklor festivalının sonunda Azərbaycandan gələn gənc aşıqlara festivalın diplomu təqdim edilib. 

Xatırladırıq ki, ilk “Baysun baharı” folklor festivalı 2002-ci ildə keçirilib, 2008-ci ildə isə UNESCO Baysun mədəniyyətini Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

Chosen
16
1
xalqqazeti.az

2Sources