EN

Qurban Qurbanov: “Hər mövqedə yeni oyunçuya ehtiyac var” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar, böyük xarakter nümayiş etdirdilər.

Musa Qurbanlının zədəsinə gəlincə, bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

Ramil Şeydayev işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
24
4
arena.az

10Sources