Ukrayna prezidenti Vladimir Zelenskinin Cənubi Qafqaza səfəri hazırda bütün dünyanın diqqət mərkəzindədir. Müharibə şəraitində olan bir ölkənin liderinin əvvəl Azərbaycana, ardınca da Ermənistana gəlişi bölgənin artıq yalnız regional deyil, beynəlxalq strateji maraqların kəsişdiyi məkan olduğunu bir daha təsdiqləyir.
Səfər fonunda Cənubi Qafqaz təkcə enerji və nəqliyyat marşrutlarının deyil, həm də yeni siyasi balansların formalaşdığı platformaya çevrilməkdədir. Zelenskinin mesajları göstərir ki, Ukrayna bu regionla münasibətlərini yalnız siyasi dəstək müstəvisində deyil, həm də iqtisadi, təhlükəsizlik və kommunikasiya xəttində genişləndirmək niyyətindədir. Xüsusilə, post-münaqişə dövründə formalaşan yeni reallıqlar fonunda Kiyevin Bakı və İrəvanla paralel dialoq qurması gələcəkdə daha çevik və çoxşaxəli əməkdaşlıq modelinin əsasını qoya bilər.
Bütün bunlar həm də onu deməyə əsas verir ki, bu səfər qısamüddətli diplomatik aktivlikdən daha çox, Ukraynanın Cənubi Qafqazda uzunmüddətli strateji mövcudluğunu formalaşdırmaq cəhdidir və yaxın gələcəkdə regiona təsirsiz ötüşməyəcək.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bu səfərlərin önəmini vurğulayıb: "Zelenski dövlət başçısı seçildikdən sonra Cənubi Qafqaza iki dəfə səfər edib və bu səfərlərin hər ikisi Azərbaycana olub. Bu da onu göstərir ki, o, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığa böyük əhəmiyyət verir.
Zelenskinin indiki İrəvan səfəri həm region, həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Çünki bu səfər rəsmi xarakter daşımır. O, sadəcə Avropa Siyasi Birliyinin toplantısında iştirak etmək üçün İrəvana gedib. Ermənistanın Rusiyadan uzaqlaşaraq Ukrayna və Avropa İttifaqı ölkələri ilə münasibətlər qurması region və Azərbaycan üçün müsbət amildir.
Zelenskinin çıxışında Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunması da onun xoş niyyətindən irəli gəlir. Azərbaycan Prezidentinin çıxışı da kifayət qədər konstruktiv idi. O, Azərbaycan və Ermənistan arasında sülh quruculuğu üçün vacib amilləri sadaladı və bu istiqamətdə irəliləyişlərin olduğunu vurğuladı. Bu, olduqca önəmlidir və yüksək səviyyədə bir daha səsləndirildi.
Bundan əlavə, İlham Əliyev qeyd etdi ki, bu tədbir 2028-ci ildə Azərbaycanda keçiriləcək. Nikol Paşinyan da fürsətdən istifadə edərək bu toplantıda iştirak etmək niyyətini ifadə etdi. Lakin bunun üçün onun qarşısında bir neçə şərt dayanır. Birincisi, parlament seçkilərində qələbə qazanmalıdır.
İkincisi, konstitusiyada dəyişikliklər edərək Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır.
Üçüncüsü isə, regionda kommunikasiya və əməkdaşlıq layihələrinin, o cümlədən nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində addımlar atılmalıdır.
Bu şərtlər yerinə yetirilərsə, 2028-ci ildə Paşinyanı Bakıda görmək mümkündür".
Cavanşir Abbaslı
Musavat.com